Azərbaycan və Almaniya arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq müzakirə edilib.
FED.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr energetika naziri Pərviz Şahbazovla Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms arasında keçirilən görüşdə aparılıb.
Məlumata görə, görüşdə Almaniyanın enerji sahəsində diversifikasiya, rəqabətqabiliyyətli qiymətlərin təmin edilməsi və iqlim dəyişikliyi ilə mübarizənin gücləndirilməsi siyasəti, eləcə də Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafı və enerji səmərəliliyi istiqamətində həyata keçirdiyi kurs çərçivəsində tərəfdaşlığa dair müzakirələr aparılıb. Alman şirkətlərinin Azərbaycanda təxminən 20 layihə üzrə əməkdaşlıq planlarının olduğu, bunların bir qisminin enerji sahəsini əhatə etdiyi qeyd olunub.
Kiçik miqyaslı bərpa olunan enerji layihələri, enerji səmərəliliyi, enerji tələbatının idarə olunması istiqamətləri ilə yanaşı, dənizdə külək enerjisinin inkişafı, “Xəzər - Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “yaşıl enerji” tədarükü üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Bildirilib ki, hazırda Azərbaycan, Gürcüstan, Qara dəniz və Şərqi Avropa ölkələri arasında həyata keçirilən “yaşıl enerji dəhlizi” ilə elektrik enerjisindən əlavə, növbəti mərhələdə “yaşıl hidrogen”in nəqli də nəzərdə tutulur. Bu dəhlizlə ixrac olunacaq həcmlər gələcəkdə Almaniyanın enerji tələbatını qarşılamaq üçün də istifadə oluna bilər.
Söhbət zamanı hazırda icra olunan digər “yaşıl enerji” interkonnektorları, dünyada “yaşıl texnologiyalar və hidrogen sənayesinin inkişafı ilə bağlı da fikir mübadiləsi aparılıb.