Azərbaycan 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 72,9 milyon kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 22,7% azdır. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
Eləcə də bax: SOCAR qaz ixracını - 40% ARTIB
2021-ci ilin noyabr ayında Türkiyəyə 607,5 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 12,03%-i Azərbaycanın payına düşüb.
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, 2020-ci ilin noyabr ayı ilə müqayisədə ixracın həcmi 42,93% azalıb.
Azərbaycan noyabr ayında Türkiyəyə qaz ixracının həcminə görə dördüncü pillədə qərarlaşıb. Birinci yerdə Rusiya (32,03%), ikinci yerdə ABŞ (16,5%), üçüncü yerdə İran (15,77%) gəlir.
Azərbaycan 2020-ci ilin mart ayında Türkiyəyə qaz ixracına görə birinci yeri tutub və iyul ayınadək liderliyini qoruyub, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart ayınadək ikinci (Rusiyadan sonra), aprel-iyun aylarında üçüncü, iyul ayında dördüncü pillədə qərarlaşıb, avqust ayında isə yenidən 3-cü pilləyə qayıdaraq noyabr ayınadək bu mövqeyini qoruyub.
2021-ci ilin noyabr ayında Türkiyəyə 5 milyard 48,95 milyon kubmetr qaz (2020-ci ilin noyabr ayı ilə müqayisədə azalma 2,02%) ixrac edilib. 3 milyard 20,91 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 59,8%-i, azalma 29,6%), 2 milyard 28,04 milyon kubmetr (bütün ixracın 40,2%-i, artım 2,4 dəfə) isə LNG-nin payına düşüb. İxrac 8 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Əlcəzair, Misir, Trinidad və Tobaqo və Qətər (LNG)) həyata keçirilib.
Xəbər verildiyi kimi, 2021-ci il aprelin 16-dək Azərbaycan qazının Türkiyəyə nəqli “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində müqavilələr əsasında həyata keçirilib. Lakin BOTAS ilə imzalanmış “Mərhələ-1” çərçivəsində qazın alqı-satqı müqaviləsinin müddətinin aprel ayının 16-da bitməsi ilə əlaqədar nəql yalnız “Mərhələ-2” çərçivəsində müqavilə əsasında həyata keçirilib. 2021-ci ilin qalan dövrü ərzində Türkiyəyə qaz ixracının azalması bununla izah olunur.
2021-ci ilin III rübündə tərəflər arasında 2024-cü ilin sonuna qədər Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonuna qədər (2021-2024-cü illər) “Mərhələ-1” çərçivəsində “Şahdəniz” yatağından ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
2020-ci ildə Azərbaycan Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 11 milyard 547,99 milyon kubmetr qaz (artım 20,5%) ixrac edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), SOCAR (21,02%), LUKOIL (19,99%), NICO (10%) və TPAO (19%).