Bu ilin sonunadək Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ümumilikdə 20 Elektrik Doldurma Məntəqəsinin (EDM) quraşdırılması planlaşdırılıb.
Elektromobillərin enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad olundu
Bu barədə FED.az-a Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə “Azərişıq” ASC tərəfindən 6 məntəqə ("Zəngilan" yarımstansiyası, "Cəbrayıl" İntelektual Tədris Mərkəzi, “Xocalı” Rəqəmsal İdarəetmə Mərkəzi və s.) üzrə ümumilikdə 12 elektrik doldurma qurğusu fəaliyyət göstərir. Eyni zamanda Zəngilan şəhərində Konqres mərkəzin həyətində 3 ədəd, Şuşa şəhərində “Şuşa Otel və Konqres Mərkəzi”nin avtomobil parkında 2 ədəd elektrik doldurma qurğusu quraşdırılıb.
Məlumata görə, "yaşıl enerji zona"sının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında LED lampalardan istifadə, "ağıllı" enerji idarəetmə texnologiyalarıının tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Elektrik avtomobillərdən istifadə işğaldan azad edilmiş ərazilərdə daha təmiz ətraf mühitin formalaşdırılmasına təsir edən mühüm amillərdən biridir.
Qeyd edək ki, “yaşıl enerji zonası” hüdudlarında elektrik ilə çalışan ictimai nəqliyyat vasitələrinin, həmçinin şəxsi avtomobillərin istifadə edilməsinin təşviqi məqsədilə müvafiq elektrik doldurma məntəqələri infrastrukturunun qurulması zəruridir və bu məsələ “yaşıl enerji zonası”nın komponenti kimi nəzərə alınır.