Yanvarın 4-də Avropada qazın 1000 kubmetrinin qiyməti 750 dollardan aşağı düşüb. Son bir gündə qazın qiyməti 3%-dən çox azalıb.
FED.az xəbər verir ki, London ICE birjasında bu qiymət 2022-ci ilin fevralından, yəni Ukraynada müharibə başlayandan sonra ilk dəfə qeydə alınıb. Məlumata görə, Hollandiyadakı TTF qovşağında fevral fyuçerslərinin dəyəri 1000 kubmetr üçün 733 dollara düşüb. Buna əsas səbəb kimi Avropada havaların isti keçməsi göstərilir.
"Aİ ölkələrinin əksəriyyətində temperatur iqlim göstəricilərindən yüksək olaraq qalır ki, bu da nəinki anbarlardan qazın çıxarılmasının azalmasına, həm də onlara vurulmanın rekord həddə qədər artmasına səbəb olub. Bundan əlavə, Aİ-nin elektrik enerjisi istehsalında küləyin payı 20% və ya daha yüksək həddə sabit qalmaqda davam edir. Yanvarın 1-də isə bu göstərici müşahidələr tarixində rekord səviyyəyə - 34,7 faizə çatıb"- deyə Rusiya mediasında bildirilib.
Üstəlik qarşıdakı həftələrdə də havaların isti keçəcəyi gözlənilir. Sinoptiklər bildirir ki, bu dövrdə Avropanln böyük hissəsində və ABŞ-da temperatur mövsümi normadan yüksək olacaq. Havaların isti keçməsi dünyanın ən böyük qaz idxalçısı olan Çində və Yaponiyada da müşühidə edilir.
"BloombergNEF" analitik firması qeyd edib ki, Asiyada mülayim hava LNG tədarükü üçün daha az rəqabət deməkdir. Şirkət onu da əlavə edib ki, indi bazarda ciddi qaz qıtlığının olması ehtimalı az görünür.
Havaların isti keçməsi ilə yanaşı, Avropanın enerji sistemlərinin yükü külək hesabına azalır. Çərşənbə günü Almaniyada rekorda yaxın külək enerjisi istehsal ediləcəyi gözlənilir ki, bu da elektrik istehsalı üçün qaza olan ehtiyacı azaldır.
Aİ-nin qış mövsümünə yaxşı hazırlığı da qazın qiymətinin ucuzlaşmasına kömək edir. Gas Infrastructure Europe-un məlumatına görə, yanvarın 2-nə Avropada qaz anbarları 83,52% dolu olub ki, bu da beş illik mövsümi göstərici olan 70%-dən xeyli yüksəkdir. Anbarlarda 90,2 milyard kubmetr qaz var ki, bu da son beş ilin həmin tarix üçün orta göstəricisindən 13,46 faiz çoxdur.
Üstəlik, bir gün əvvəl ABŞ-dan mayeləşdirilmiş təbii qazın (LNG) ilk partiyasının Almaniyaya gəldiyi məlum olub.
"Bu gün Uniper Almaniyanın ilk tam dolu mayeləşdirilmiş təbii qazını (LNG) Uniper tərəfindən Vilhelmshavendə idarə olunan yeni LNG terminalına çatdırdı", - şirkətin açıqlamasında deyilir.
Uniper, Maria Energy gəmisinə təxminən 170 min kubmetr LNG yükləndiyini izah etdi. Şirkətin məlumatına görə, bu, təxminən 50 min alman ailəsini bir il ərzində enerji ilə təmin etmək üçün kifayətdir.