ABş və İsrailin İrana hücumu və başalyan müharibə neft qaz bazarlarına ciddi təsir etməyə başlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İrana məxsus «Cənubi Pars» qaz yatağına zərbə endirilməsindən sonra İran da Qətərdəki «Qatar Energy» şirkətinin dünya əhəmiyyətli qaz obyektlərini bombalayıb.
Nəticdə bütün dünyada, o cümlədən Azərbaycanın qaz satdığı Avropada qazın qiyməti kəskin artıb.
London Birjasındakı rəqəmlərə əsasən Niderlanddakı TTF mərkəzində aprel ayı üçün təbii qaz fyuçerslərinin qiyməti 35,4% artaraq 1 MVt/saat üçün 74 avroya və ya 1000 kubmetr üçün təxminən 891 dollara çatıb.
«Qatar Energy» şirkətinin mayeləşdirilmiş təbii qaz istehsal müəssisələrinin yenidən raket hücumuna məruz qalması və böyük zərər görməsi barədə xəbərlərdən sonra qaz qiymətləri kəskin şəkildə artıb.
Qeyd edək ki, Qətərdə yerləşən və dünyanın ən böyük LNG təchizatçısı sayılan «Ras Laffan» kompleksindəki obyektlər martın əvvəlində də vurulmuşdu. İndi isə «Ras Laffan» kompleksinə vurulan zərərin böyük olduğu açıqlanıb, bu da qazın qiymətini yüksəldib.
Xatırladaq ki, mart ayının əvvəlində «Qatar Energy» şirkəti dünyanın ən böyük zavodunda mayeləşdirilmiş təbii qaz istehsalını dayandırıb, bu addımın dünya bazarına necə təsir edəcəyini göstərmək üçün birgə onu demək kifayətdir ki, hazırda Qətər dünyanın üç ən böyük LNG ixracatçısından biridir və dünya bazarının təxminən 20%-ni təmin edir.
Artıq xarici ekspertlər bu hadisəni Rusiyanın Şimal Kəmərinin vurulması ilə müqayisə edirlər. Hyuston Universiteti Hüquq Məktəbinin dosenti Syuzan Sakmar bildirib ki, "bu «Şimal Axını» boru kəmərinə edilən hücumla müqayisə edilə bilər, bəlkə də ondan daha ciddi hadisədir».
Ən pisi budur ki, Qətərin LNG tədarükünü tezliklə bərpa edəcəyinə dair heç bir dəqiq məlumat yoxdur. «Qətər istehsalı olan LNG potensial olaraq aylarla, ən pis halda isə illərlə əlçatmaz ola bilər", - deyə Global Risk Management şirkətinin baş analitiki Arne Lohmann Rasmussen bildirib. Ekspertin sözlərinə görə, qaz bazarı üçün böhran sadəcə Yaxın Şərqdəki müharibənin bitməsi və Hörmüz boğazının gəmiçilik üçün yenidən açılması ilə bitməyəcək. Müharibədə bütün LNG istehsal kompleksi ciddi ziyana məruz qalıb və buna görə də normal vəziyyətə qayıtmaq uzun çəkəcək.











