ABŞ və İsrailin İrana hücumu və başlayan müharibə səbəbindən Avropada qazın qiyməti son 3 ildə rekord həddə yüksəlib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, həftəin əvvəlində – martın 9-da qazın qiyməti 1000 kubmetr üçün 800 dollara yüksəlmişdi. Sonradan qiymətlər 675 dollara ensə də bu yenə də son 3 ilin – 2023-cü ilin yanvarındən bəri ən yüksək qiymətidir. Hazırda qiymətlər 1000 kubmetr üçün 600-610 dollar ətrafındadır.
Müqayisə üçün bildirək ki, 2025-ci ildə Avropa bazarında qazın orta qiyməti 422 dollar olub. Yəni indiki qiymətlər 2025-ci il üzrə orta qiymətdən təqribən 45-50% daha yüksəkdir.
Xatırladaq ki, Avropa bazarında qazın qiymətləri 2 martdan etibarən kəskin şəkildə artmağa başlayıb. Həmin vaxt qazın qiymətləri 50% artaraq 1000 kubmetr üçün 590 dollara çatıb, ertəsi gün isə qiymətlər 2 fevral 2023-cü ildən bəri ilk dəfə min kubmetr üçün 780 dolları keçib.
Qazın qiymətləri 2021-2022-ci illərdə xeyli yüksək olub. Belə davamlı yüksək qiymətlər 1996-cı ildən bəri, hətta Avropa qaz mərkəzlərinin tarixində belə görünməyib. Qiymətlər 2022-ci ilin yazının əvvəlində min kubmetr üçün 3892 dollarla rekord həddə çatıb.
Qazın dünya bazarındakı qiyməti Azərbaycan üçün də mühüm göstəricidir. Avropanın 10-dan artıq ölkəsinə qaz satan Azərbaycan üçün qazın bahalaşması əslində yaxşı əlamətdir. Müqayisə üçün bildirək ki, Azərbaycan 2025-ci ildə
Gürcüstana ümumi məbləği 250 milyon dollar olan 2,3 milyard kubmetr – orta qiymət 107 dollar/min kubmetr
Serbiyaya ümumi məbləği 120 milyon dollar olan 226 milyon kubmetr – orta qiymət 531 dollar / min kubimetr
Suriyaya ümumi məbləği 120 milyon dollar olan 351 milyon kubmetr - orta qiyməti 342 dollar / min kubmetr
Türkiyəyə ümumi məbləği 2,6 milyard dollar olan 9,7 milyvrd kubmetr - orta qiyməti 269 dollar / min kubmetr
Bolqarıstana ümumi məbləği 689 milyon dollar olan 1,9 milyard kubmetr - orta qiyməti 363 dollar / min kubmetr
İtaliyaya ümumi məbləği 456 milyon dollar olan 960 milyon kubmetr - orta qiyməti 475 dollar / min kubmetr
Yunanıstana ümumi məbləği 461 milyon dollar olan 910 milyon kubmetr - orta qiyməti 507 dollar / min kubmetr qaz satıb.
Göründüyü kimi, 2025-ci ildə Azərbaycanın xaricə satdığı qazın orta qiyməti hər 1000 kubmetr üçün 350 dollar olub. Bu il İran müharibəsi səbəbindən qazın qiymətinin təqribən 45-50% bahalaşması Azərbaycan qazının da qiymətini artıracaq.
Məlumat üçün bildirək ki, 2025-ci ildə Avropa bazarında qazın orta qiyməti 422 dollar olub, bu 2024-cü illə münqayisədə təxminən 9,2% artıqdır.











