Avropanın bəzi ölkələrində enerjinin qiyməti sıfırdan aşağı düşüb.
FED.az biznes və iqtisadi xəbərlər agentliyi xəbər verir ki, günəş enerjisi stansiyaları vasitəsilə həddən artıq enerji istesal edilməsi nəticəsində Almaniya, Niderland və Belçikada enerjinin qiyməti mənfiyə düşüb.
Avropanın enerji birjası olan «Epex Spot»un məlumatlarına görə, mart ayında günəş enerjisi istehsalı rekord vurub.
Belə ki, martın 2-də Fransada günəş enerjisi hasilatı rekord həddə 15,6 Qiqavatt-a yüksəlib Martın 3-də isə Almaniyada günəş enerjisi istehsalı 39,9 qiqavatt təşkil edib ki, bu da 2024-cü ilin sentyabrından bəri ən yüksək göstəricidir. Martın 1-də isə Britaniyada günəş enerjisi hasilatı 9 qiqavatt olub ki, bu da 2024-cü ilin sentyabrından bəri ən yüksək rəqəmdir.
Enerji artıqlığı nəticəsində enerji qiymətləri çöküb. Belə ki, Almaniyada 1 meqavatt saat elektrik enerjisinin qiyməti -17,73 avroya düşüb.
Bildirilir ki, Avropada elektrik enerjisinin qiymətinin mənfiyə düşməsi axır vaxtlar tez-tez baş verir, çünki artıq təklif tələbi üstələməyə başlayıb.
Təklifin tələbdən artıq olması isə qiymətlərin azalmasına, müvəqqəti olaraq mənfiyə keçməsinə səbəb olur. Bu istehlakçılara sərfəli olsa da, enerji şirkətlərinə, xüsusilə də bərpa olunan enerji istehsal edən şirkətlərə problemlər yaradır. Eyni zamanda bu hal investorlarda narahatlıq doğurur.
Qeyd edək ki, 2024-cü ildə Avropa İttifaqı ölkələrində günəş enerjisinin həcmi kömür elektrik stansiyalarından alınan enerjini üstələyib.
Belə ki, ötən il Avropada günəş enerjisi istehsalının həcmi 22% artaraq 304 teravatt-saata çatıb. Kömürdən alınan enerjinin həcmi isə 16% azalaraq 269 terra-vatt-a enib.