Avropa İttifaqı ölkələri uzun müzakirələrdən sonra Rusiyadan neft alışına qadağa qoyulmasında razılığa gəliblər.
FED.az xəbər verir ki, mayın 30-da keçirilən toplantıda Rusiyaya qarşı tətbiq ediləcək 6-cı sanksiya paketinin detalları məlum olub.
Əsas addım Rusiyadan neft alışına qadağa qoyulması olub.
Avropa İttifaqı ölkələrinin toplantısında əldə edilən qərara görə, artıq ilin sonunadək Rusiyadan neft alışı 90%, yəni 10 dəfə azalacaq.
Avropanın Rusiya neftindən imtina etməsi onun xaricə satdığı bütün neftin 3-də 2-sinə təsir edəcək.
Qeyd edək ki, Avropa ölkələri indiyədək neft qadağasında razılığa gələ bilmirdilər. Bunun əsas səbəblərindən biri Macarıstanın buna qarşı çıxması idi.
Avropa ölkələri Macarıstanın etirazını nəzərə alaraq qərara alıb ki, Rusiyadan dəniz yolu ilə gətirilən neftə qadağa qoyulsun, neft kəməri ilə ötürülən nefti isə almaq olar. Macarıstan da nefti kəmərlə alır, ona görə də bu qərara etiraz etməyib.
«Yeni qərar Rusiyanın böyük gəlir mənbəyini bağlayacaq» – deyə Avropa İittifaqının rəhbəri Şarl Mişel bildirib.
Neft embarqosu barədə qərar qəbul edilən kimi, dünyada neft yenidən bahalaşıb. Mayın 30-da Brent neftinin qiyməti 2% artaraq martın 24-dən bəri ilk dəfə 121 dolları keçib.