Böyük Britaniyada istifadə olunmamış ən böyük neft yatağı kimi tanınan "Rosebank" neft yatağında neftin işlənməsi və hasilatı üçün icazə verilib.
FED.az xəbər verir ki, ölkənin enerji tənzimləyicisi Şimal Dənizi Transformasiya Təşkilatının (NSTA) açıqlamasına görə, "Rosebank" neft yatağının işlənməsi və yataqda neft hasilatı üçün "Equinor" və "Ithaca Energy" şirkətlərinə icazə verilib.
"Equinor"un yaydığı açıqlamaya görə, şirkət "Rosebank" neft yatağının inkişaf etdirilməsi layihəsinin birinci mərhələsi üçün "Ithaca Energy" ilə yekun investisiya qərarı verib və bu çərçivədə 3,8 milyard dollarlıq investisiya yatırılacaq.
"Rosebank" neft yatağı ölkənin ən böyük istifadə olunmamış neft yatağı kimi tanınır. Layihənin birinci mərhələsi çərçivəsində ümumilikdə 245 milyon barel neft hasil ediləcəyi gözlənilir.
Baş nazir Rishi Sunak Şimal dənizində 100-dən çox neft lisenziyasının veriləcəyini açıqlayıb. (Marja)