Avropa İttifaqının bir sıra ölkələri ehtiyat edir ki, Moskva Rusiya qazına qiymət məhdudiyyəti tətbiq edilərsə və buna reaksiya olaraq Moskva cavab addımı ata - tədarükü tamamilə kəsə bilər.
Eləcə də bax: Putin Qərbin “qaz şantajı” ilə bağlı iddialarına - CAVAB VERİB
FED.az xəbər verir ki, bu barədə cümə günü Britaniyanın "Financial Times" qəzeti Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, ən azı 10 ölkə bütün təchizatçılar üçün qiymət məhdudiyyətinin əleyhinədir. Hökumətlər qorxur ki, yalnız Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etmək “Moskvanı qəzəbləndirə bilər”. Qəzetin yazdığına görə, sırf Rusiya qazı üçün qiymət tavanının tətbiqi üçün üzv olan 27 ölkənin hamısının təsdiqi tələb olunacaq. Məsələn, Macarıstan, Avstriya və Hollandiya istənilən məhdudiyyətə qarşıdır.
Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin enerji məsələləri üzrə baş müşaviri Nikos Tzafos nəşrə bildirib: “Düzünü desəm, Rusiya cavab tədbirləri görəcək”.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen çərşənbə günü Brüsseldə keçirdiyi mətbuat konfransında bəyan edib ki, o, Avropa İttifaqının Enerji Şurasına Rusiya qazı üçün qiymət tavanı müəyyən etmək təklifi vermək qərarına gəlib. O vurğulayıb ki, bu tədbirin tətbiqi üzv ölkələr ilə razılaşdırıldıqdan sonra çox tez baş verə bilər. “Politico” qəzetinin yazdığına görə, AK Avropa İttifaqında Rusiya qazının qiymətini meqavat-saat üçün 50 avro və ya min kubmetr qaz üçün təxminən 520 avro ilə məhdudlaşdırmaq istəyir. (Marja)