Avropa İttifaqı müştərək qaz tədarükü prosesinə keçir – bu gündən etibarən ittifaqa üzv ölkələrdə fəaliyyət göstərən kompaniyalar xüsusi portala sifariş yerləşdirə biləcəklər.
"Aİ-yə qaz ixracı bu il Azərbaycanın ümumi qaz ixracının təxminən yarısını təşkil edəcək"
FED.az xəbər verir ki, Avropa Komissiyasının bəyanatında birgə tədarük prosesinə keçid növbəti qış mövsümünədək qaz anbarlarının doldurulması və beynəlxalq tərəfdaşlarla daha münasib qiymətə razılaşmaların əldə olunması üçün vacib addım adlandırılıb.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin sözlərinə görə, aprelin 25-dən başlayaraq kompaniyalar qaza olan tələbatlarını “AggregateEU” portalında qeydiyyatdan keçirə bilər. “Biz tələbatımızı birləşdirib kollektiv gücümüzü istehlakçılar üçün qiymətlərin yaxşılaşdırılmasına yönəldəcəyik”, - deyə Ursula Fon der Lyayen bildirib.
Bir müddət öncə Avropa Komissiyası aprelin ortalarına qədər müştərək qaz tədarükü prosesinə başlayacağını, yayda isə Avropa İttifaqı səviyyəsində qaz idxalı üçün ilk müqavilənin bağlanacağını elan etmişdi. (Azərtac)