Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə və Qərbin tətbiq etdiyi sanksiyalar Rusiyanın ən böyük şirkətlərindən olan «Qazprom»un maliyyə vəziyyətini pisləşdirib.
FED.az xəbər verir ki, Avropanın qaz bazarının itirilməsi nəticəsində Rusiyanın ən böyük qaz şirkəti son 25 ildə ilk dəfə olaraq zərərlə işləməyə başlayıb.
«Qazprom»un 2023-cü il üzrə hesabatına əsasən şirkət ötən ili 691 milyard rubl və ya 7,5 milyard dollar zərərlə başa vurub. Halbuki 2022-ci ildə, baxmayaraq ki, müharibə artıq başlamışdı, şirkət 13,4 milyard dollar mənfəətlə işləmişdi.
Doğrudur, bu müddət ərzində «Qazprom» Avropa bazarından məhrum olsa da, Çinə qaz satışını 37% artırıb, eləcə də ölkə daxilində 1,4 dəfə daha artıq qaz satıb, amma bu ona zərərdən çıxmağa kömək etməyib.
Artıq yaranmış vəziyyətlə bağlı Rusiya hökuməti 2023-cü il üzrə «Qazprom»un səhmdarlarına dividendin ödənilməməsi barədə qərar qəbul edib.
Nəticədə şirkətin səhmləri ucuzlaşmağa başlayıb. Təkcə mayın 20-də şirkətin səhmləri 5,1% ucuzlaşıb və 147 rukla enib.
Qeyd edək ki, «Qazprom»un zərərlə işlədiyi və 2023-cü il üzrə dividend verməyəcəyi məlum idi, amma səhmdarlar ruhdan düşmür və Putinin Çin səfərinin nəticələrini gözləyirdilər.
Amma səfər zamanı «Sila-Sibiri-2» layihəsi üzrə heç bir saziş imzalanmadıqdan sonra səhmdarlar ruhdan düşməyə başlayıblar və bu da səhmlərin ucuzlaşmasına səbəb olub.