Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Biləsuvar rayonunda 445 MVt gücündə “Biləsuvar Solar SPV” günəş elektrik stansiyasının işlənib hazırlanması, tikintisi və istismarı üçün 100 milyon ABŞ dollarına qədər uzunmüddətli kredit ayıracaq.
9 şirkət Azərbaycan neftilə bağlı sənəd imzaladı - 2049-cu ilədək qüvvədə olacaq
FED.az xəbər verir ki, bankın məlumatına görə, layihənin ümumi dəyəri 380 milyon ABŞ dolları təşkil edir və onun reallaşdırılmasına bir sıra digər beynəlxalq maliyyə institutları da dəstək verəcək. Bankın Direktorlar Şurası kreditin təsdiq edilməsini oktyabrın 22-də planlaşdırır.
Layihə “Masdar”ın (BƏƏ) törəmə şirkəti – “Abu Dhabi Future Energy Company” tərəfindən həyata keçirilir. Yeni günəş stansiyası Azərbaycanda bərpa olunan enerjinin istehsal gücünü artıracaq və bu, qazla işləyən elektrik stansiyalarını əvəz etməyə və Paris Sazişinə uyğun olaraq karbon qazının azaldılması hədəflərinə nail olmağa kömək edəcək. CO2 emissiyalarında illik qənaətin 442 min tona çatması gözlənilir. Bu, ölkənin aşağı karbonlu iqtisadiyyata keçidində əsas rol oynayacaq və istilik enerjisindən asılılığı azaldacaq.
Ekoloji qiymətləndirmə layihənin su quşlarının biomüxtəlifliyi ərazilərinə ciddi təsir göstərməyəcəyini müəyyən edib. Əlavə olaraq, layihə ilə bağlı ekoloji riskləri minimuma endirmək üçün kumulyativ təsir qiymətləndirməsi aparılacaq.
“Günəş stansiyasını “Nəvahi” yarımstansiyasına birləşdirən 90 kilometrlik 330 kV-luq elektrik xətti iki əsas quş sahəsinin və mühüm miqrasiya dəhlizinin yaxınlığından keçir. Xəttin tikintisinə cavabdeh olan Azərbaycan hökuməti ekoloji cəhətdən həssas ərazilərdən yayınmaq və quşlar üçün riskləri minimuma endirmək üçün xəttin marşrutunu tənzimləmək də daxil olmaqla, Dünya Bankının Ekoloji və Sosial Standartlarına riayət etməli olacaq.
Layihə sahəsinə 1 454 hektar kənd təsərrüfatı sahəsi daxildir və bu torpaqlar layihənin həyata keçirilməsi üçün Energetika Nazirliyinə veriləcək. Bu, həm fiziki, həm də iqtisadi yerdəyişmə ilə nəticələnəcək. Ətraf mühitə və sosial sferaya təsirin qiymətləndirilməsi üzrə məsləhətləşmələr zamanı 69 nəfərin yaşadığı 12 ev təsərrüfatının təsirə məruz qalacağı müəyyən edilib.
Sosial-iqtisadi nəticələrin minimuma endirilməsi üçün elektrik xəttinin marşrutu korrektə ediləcək ki, bu da köçürülmənin qarşısını alacaq və əhalinin adi həyat tərzinin pozulmasını azaldacaq. Dünya Bankının standartlarına uyğun olaraq qalıq risklərin azaldılması üçün xüsusi plan hazırlanacaq”, - məlumatda bildirilir.