OPEC+ formatında may-iyun ayları ərzində hasilatı azaltmaq barədə razılıq əldə ediləndən sonra Asiya bazarında mövqeyini gücləndirməyi hədəfləyən Səudiyyə Ərəbistanı bu regionun neftayırma müəssisələrinə göndərdiyi neftin qiymətini daha iki dəfəyədək ucuz qiymətə göndərməyə başlayıb.
Eləcə də bax: ""OPEC+" razılaşması neft bazarını tələbin azalmasından xilas etməyəcək"
FED.az xəbər verir ki, Böyük Britaniyanın “Wood Mackenzie” konsaltinq şirkətinin icmalında Rusiya, ABŞ, habelə Afrikanın neft istehsalçısı ölkələri də Asiya bazarlarında “Saudi Aramco” ilə rəqabətə tab gətirmək üçün xeyli endirimə getməli olacaqları göstərilir.
Xatırladaq ki, “Bloomberg”in daha əvvəl yaydığı xəbərə görə, “Saudi Aramco” may ayında Asiya bazarlarına çıxaracağı neftin qiymətini 2,95 - 5,5 ABŞ dolları aşağı salıb. Halbuki ABŞ bazarına çıxarılacaq neft 2,5 - 4,2 ABŞ dolları bahalaşıb, Avropa bazarına isə əvvəlki qiymətlə satılacaq.
“Wood Mackenzie” şirkətinin tədqiqatlar üzrə direktoru Suşat Qupta Səudiyyə Ərəbistanı üçün ABŞ bazarının elə də əhəmiyyət daşımadığını, Avropada isə daha əvvəl tətbiq etdikləri endirimlər vasitəsilə Rusiyanın “Urals” markalı neftini get-gedə bazardan sıxışdırdıqlarını qeyd edib.
Asiyadakı neftayırma müəssisələrinin aprel ayında gündəlik emal etdikləri neftin 26 milyon barel kimi aşağı səviyyədə qalacağı, iyun ayından isə 29 milyon barelədək yüksələ biləcəyi də diqqətə çatdırılır.
“Wood Mackenzie”nin qənaətincə, OPEC+ formatının iştirakçılarının Asiya bazarlarını daha əlverişli gördükləri üçün həmin bazarları əldən verməmək üçün hətta başqa regionlara tədarükü azaltmağa belə gedə bilərlər.
Report