Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistana səfəri çərçivəsində bu ölkənin Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru Rihan Axtar ilə görüşüb.
Azərbaycan Pakistanda yeni NEZ-in tikintisi üzrə əməkdaşlığı müzakirə edib
FED.az xəbər verir ki, AREA-nın direktoru Cavid Abdullayev ölkəmizdə enerji sahəsində həyata keçirilən islahatlar, yaşıl enerji layihələri üzrə beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq, o cümlədən “Azərbaycan Respublikası, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə keçirilən tədbirlər barədə məlumat verib. Bu ilin may ayında qəbul olunmuş “Elektroenergetika haqqında” Qanunun əsas müddəaları, liberal bazar modelinə keçidlə bağlı görülən işlər diqqətə çatdırılıb.
Mərkəzi Enerji Alqı-Satqı Agentliyinin icraçı direktoru Rihan Axtar ölkəsinin liberal bazar modelinə keçid mərhələsində olduğunu bildirib, vahid alıcı modelinin fəaliyyət mexanizmləri, mövcud informasiya sistemləri barədə geniş məlumat verib.
Görüşdə müzakirələrin və fikir mübadiləsinin mütəxəssislər səviyyəsində davam etdirilməsi razılaşdırılıb.