2019-cu il üçün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunması ilə bağlı orta illik gəlirlilik göstəricisi 2,14% səviyyəsində proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən 0,18 faiz bəndi çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin layihəsinə Hesablama Palatasının Rəyində deyilir.
Eləcə də bax: Palata Neft Fonduna risk və gəlirliliyə yenidən baxmağı tövsiyə edib
“2019-cu il üçün orta illik gəlirlilik göstəricisinin 2,14% səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnoz göstəricisindən (1,96%) 0,18 faiz bəndi çoxdur”, - deyə rəydə bildirilir.
Gələn il ARDNF-in ABŞ dolları ilə investisiyalar üzrə gəlirliliyi 3,22542%, funt sterlinq ilə 1,33053%, avro ilə 0,03088%, digər valyutalarda 7,26483% səviyyəsində proqnozlaşdırılır.
"Fondun səhmlərə ABŞ dolları, avro və funt sterlinqlə investisiyalar üzrə gəlirliliyi 2%, digər valyutalarla investisiyalar üzrə gəlirliliyi 3% səviyyəsində proqnozlaşdırılır. ARDNF-in ABŞ dolları, avro, funt sterlinq və digər valyutalarla daşınmaz əmlaka investisiyalar üzrə orta gəlirliliyi 2,85% təşkil edəcək", - deyə rəydə qeyd olunur.
2019-cu il üzrə fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlərin həcmi 848,5 mln. dollar və yaxud 1 mlrd. 442 mln. 495,1 min manat məbləğində proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2018-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən 18,5% çoxdur.
“2019-cu il üçün Neft Fondunun investisiya portfelində ABŞ dollarında ifadə olunan aktivlərin çəkisinin 50%, avroda 35%, ingilis funt sterlinqində 5%, digər valyutalarda isə 10% səviyyəsində olması proqnozlaşdırılır”, - deyə Hesablama Palatası qeyd edir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.