Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yerləşən, qlobal alternativ investisiya şirkəti olan “Lunate Capital”ın (“Lunate”) idarə etdiyi ixtisaslaşmış investisiya fondu vasitəsilə “ADNOC Gas Pipeline Assets LLC” (“AGPA”) şirkətinə 50 milyon ABŞ dolları investisiya yatırıb.
Neft Fondu İtaliyanın dəmir yolu şirkətində pay alıb - 34,5 milyon dollarlıq sərmayə
FED.azxəbər verir ki, bu investisiya qurumun dayanıqlı və gəlir gətirən infrastruktur aktivlərinə yatırımlarla portfel diversifikasiyası strategiyasına uyğun həyata keçirilib, Fondun KƏŞ (Körfəz Əməkdaşlıq Şurası) regionu ilə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinə yönəlmişdir. Sözügedən yatırım, “Lunate” şirkətinin özəl bazar investisiyaları üzrə dərin təcrübəsi və güclü əlaqələri vasitəsilə reallaşdırılıb ki, bu xüsusiyyətlər şirkətin müştəriləri üçün cəlbedici investisiyalar təqdim etməsinə imkan yaradır.
“AGPA” BƏƏ-nin ən mühüm enerji infrastrukturu obyektlərindən biridir və ölkənin enerji ekosisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayır. “AGPA” və ADNOC arasında imzalanmış uzunmüddətli istifadə müqaviləsi qaz nəqli üçün təsbit edilmiş həcm əsasında davamlı və proqnozlaşdırıla bilən gəlir axınını təmin edir. “AGPA”, qlobal enerji bazarlarının qeyri-sabit dövrlərində belə stabil maliyyə və əməliyyat göstəricilərini qoruyub saxlayıb. Uzunluğu 982 kilometr təşkil edən “AGPA” şəbəkəsinə 38 boru kəməri daxildir ki, onlardan 12-si satış qazına, 15-i qaz injeksiyasına, 11-i isə maye qazın daşınmasına xidmət edir.
ARDNF-nin İnvestisiya departamentinin direktoru Fərhad Zeynalov bildirib: “AGPA” uzunmüddətli perspektivdə yüksək gəlir potensialı ilə yanaşı strateji əhəmiyyətə malik yüksək keyfiyyətli infrastruktur aktividir. Biz “Lunate” şirkəti ilə əməkdaşlıqdan və Körfəz regionundakı fəaliyyətimizi daha da genişləndirən bu investisiya imkanından məmnunuq”.
“Lunate” şirkətinin Baş tərəfdaşı Nabel Qadir isə qeyd edib: “ARDNF-ə BƏƏ-nin enerji infrastrukturu üçün strateji əhəmiyyət kəsb edən ADNOC qaz kəmərlərinə investisiya imkanı təqdim etməkdən böyük məmnuniyyət hissi duyuruq. Bu yatırım “Lunate” şirkətinin müştəriləri və tərəfdaşları üçün qlobal və yerli bazarlarda fərdi yanaşma əsasında yüksək gəlir potensialına malik investisiya həlləri təqdim etmək bacarığını nümayiş etdirir".