"Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2011-ci ildən etibarən investisiya portfelinin diversifikasiyasına başlayıb". Bunu Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan əlaqələrinin 25 illiyinə həsr edilmiş tədbirdə ARDNF-in icraçı direktorunun müavini İsrafil Məmmədov bildirib.
Onun sözlərinə görə, portfelinin diversifikasiyası məqsədilə ARDNF ABŞ iqtisadiyyatına 6,5 mlrd. dollar yatırıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə bildirib ki, indiyədək Azərbaycan iqtisadiyyatına 200 mlrd. dollar həcmində investisiya yatırılıb ki, bunun da 10 mlrd. dolları ABŞ şirkətlərinin payına düşür.
"Deloitte-Azərbaycan" şirkətinin idarəedici partnyoru, "AmCham-Azerbaijan"ın prezidenti Nuran Kərimov isə qeyd edib ki, Azərbaycan regional bazarların inkişafı baxımından gözəl imkanlara malikdir.
Azərbaycanın turizm potensialı barədə danışan "Gilan Holdinq" MMC-nin maliyyə direktoru Fuad Kərimov qeyd edib ki, "Formula-1" kimi yarışların ölkəmizdə keçirilməsi bizi bütün dünyaya tanıdır: "Bu isə ölkəmizin turizm potensialının dünyaya tanıdılması baxımından olduqca əhəmiyyətlidir. Beləliklə, ölkəmizə turist axını baş verir. Sözsüz ki, bu, iqtisadi artıma rəvac verir".
F.Kərimov həmçinin mədəni turizmin dünyaya tanıdılmasının vacibliyini qeyd edib.
"PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri, baş icraçı direktoru Taleh Kazımov isə qeyd edib ki, ilin əvvəlindən Azərbaycan iqtisadiyyatında müsbət dinamika müşahidə olunur.
O həmçinin qeyd edib ki, bank ABŞ bazarındakı yeni imkanları nəzərdən keçirir. Bununla yanaşı, bankir qeyd edib ki, yeni ABŞ şirkətlərinin Azərbaycan bazarına çıxması, o cümlədən hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərin biznesini genişləndirilməsi üçün lazımi şərait yaradılıb.