Türkiyənin neft-kimya məhsullarına ehtiyaclarını ödəmək üçün daha 8 “Petkim” neft-kimya kompleksi kimi müəssisə lazımdır.
“Petkim” neft-kimya kompleksi satışlarını - 70% ARTIRIB
FED.az xəbər verir ki, bunu “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim Petrokimya Holding”in Baş direktoru Anar Məmmədov “Haber Türk” televiziyasına açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda “Petkim” Türkiyənin neft-kimya istehsalının 12 %-ini təşkil edir: “3,6 milyon ton illik istehsal gücü olan kompleksdə 2 339 nəfər çalışır".
A.Məmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksinin (“Merkuri” layihəsi) tikintisindən danışıb.
O bildirib ki, SOCAR-ın BP şirkəti ilə inşa etməyi planlaşdırdıqları neft-kimya kompleksinin tikintisi BP-nin dünya miqyasında neft-kimya istehsalından çıxmasından sonra dayandırılıb.
A.Məmmədov BP-nin 2023-cü il üçün investisiya planlarının olmadığını, lakin hər bir imkanın strateji qiymətləndirildiyini qeyd edib.
Xatırladaq ki, SOCAR ilə BP 2018-ci il dekabrın 20-də Türkiyədə dünya miqyaslı neft-kimya kompleksinin inşası və idarə olunması üçün birgə müəssisə yaratmaq planının dəyərləndirmə prinsiplərinə dair müqavilə imzalayıb. Bu layihə ildə 1,25 milyon ton saflaşdırılmış tereftal turşusu, 840 min ton paraksilol (PX), 340 min ton benzol istehsal edəcək kompleksin inşasını nəzərdə tuturdu.
Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.
“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir. “SOCAR Turkey Enerji” “Petkim”in nəzarət səhm paketinin (51 %) sahibidir. (Report)