2020-ci ildə pandemiya səbəbindən dünyada ən qabaqcıl şirkətlərin belə gerilədiyi, hətta fəaliyyətinin müvəqqəti dayandırıldığı bir vaxtda “Petkim”in işində heç bir geriləmə olmayıb.
Eləcə də bax: Anar Məmmədov: “Kreditlərimizin ödənilməsində heç bir problem yaşanmayıb”
FED.az xəbər verir ki, bunu SOCAR-ın Türkiyədəki yatırımı olan “Petkim PetroKimya Holding A.Ş.”nin icraçı direktoru, “SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi”nin rəhbəri Anar Məmmədov “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) “Neft Emalı və Neft-Kimya Birliyinə ümumi baxış” mövzusunda keçirdiyi onlayn mətbuat konfransında deyib:
““Petkim” şirkəti 2020-ci ildə bütün dünyada hökm sürən koronavirus pandemiyasından ziyan görməyib. Əksinə, bu il “Petkim”in istehsal etdiyi məhsullara Türkiyədə tələbat artıb. 2021-ci ildə bu yüksək tendensiyanın davam edəcəyinə inanırıq”.
2020-ci ilin maliyyə nəticələri barədə məlumat verərən icraçı direktor bildirib ki, bu il “Petkim” tərəfindən 160 milyon dollar əlavə dəyər yaradılıb:
“Bizim maliyyə nəticələrimiz büdcələnmiş rəqəmlərin üzərində olub. III rübün nəticələrinə görə 311 milyon tl xalis gəlir əldə etdik. Pandemiyaya rəğmən istehsalat sahəsində tam gücümüzlə işləməyə çalışdıq”.
SOCAR-ın COVID-19-a həm iş perspektivi, həm də SƏTTƏM tədbirləri baxımından qətiyyətli cavab verdiyini deyən A.Məmmədov qeyd edib ki, güclü texnoloji həll yolları ilə şirkət Qabaqcıl Proses Nəzarətinin (APC) uzaqdan tətbiqi, əməliyyat panellərinə uzaqdan giriş, ortaq məlumat platforması, Robotik Proses Avtomatlaşdırması, işçi qüvvəsinin 50 faizini dəstəkləmək üçün növbələrin yenidən tərtib edilməsi, inzibati binaların istifadəyə bağlanması və sair kimi mühüm tədbirləri həyata keçirib. COVID-19 Təhlükəsiz Hasilat Sertifikatı üçün yoxlama müddəti uğurla başa çatdırılıb, NEZ və Neft-kimya Birliyi kimya sənayesində ilk genişmiqyaslı kompleks olub.
Qeyd edilib ki, bazarda COVID-19-un təsirlərinə və ABŞ dolları/türk lirəsi məzənnə fərqinin kəskin dəyişməsinə baxmayaraq, “Petkim” bu il cari nisbətini artıraraq likvidlik mövqeyini möhkəmləndirib (2019-cu ilin son cari nisbəti 1,9 idi, 2020-ci ilin sentyabr ayı etibarilə 2-yə yüksəlib). Üstəlik “Petkim” bu ilin sentyabr ayına olan büdcə göstəricilərindən daha yüksək EBİTDA səviyyəsinə çatıb (9 ay üçün proqnozlanan EBİTDA 162 milyon ABŞ dolları, faktiki EBİTDA 166 milyon dollar).
İcraçı direktor Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Türkiyənin İzmir şəhərinin Əliağa yarımadasında inşa edilən “Star Rafineri” neft emalı zavodunun (NEZ) istehsalını azaltmadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, koronavirus pandemiyası zamanı zavod sadəcə istehsal konfiqurasiyasının dəyişdirilməsinə səbəb olub:
“Zavodda dizel yanacağının istehsalına üstünlük verilib. Hazırda STAR-da tam güclə istehsal davam etdirilir. Zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək”.
A.Məmmədov kreditlərin ödənilməsində heç bir problem yaşanmadığını da söyləyib:
“2020-ci ildə müxtəlif amillərin (COVID-19, ticarət müharibələri və s.) təsiri ilə bazar şərtləri əlverişli olmasa da, STAR neft emalı zavodu aşağı gəlirli mühitdə güclü maliyyə mövqeyini qoruyub saxlamağa nail olub. Bu il STAR götürdüyü kreditlərə görə 228 milyon ABŞ dolları ödəniş həyata keçirə bilib.
Gələn il də ödənişləri vaxtında həyata keçirəcəyik. Neft emalı zavodunun inşası üçün cəlb edilmiş kredit üçün 2021-ci ildə 361 milyon ABŞ dolları ödəniş həyata keçiriləcək”.
İcraçı direktorun sözlərinə görə, Türkiyənin ilk və yeganə inteqrasiya edilmiş neft-kimya şirkəti olan “Petkim”, eyni zamanda, sənaye üçün əvəzolunmaz xammal tədarükçüsüdür. İllik ümumi istehsal gücü 3,6 milyon ton olan “Petkim” Türkiyənin neft-kimya xammalı tələbatının 18 faizini təmin edir.
Türkiyənin yeni nəsil neft emalı zavodu olan “STAR” isə ildə 10 milyon ton xam neft emal etmək gücünə malikdir. Türkiyənin neft məhsullarına olan tələbatının təmin olunmasında mühüm rol oynayan “STAR” ölkənin neft əsaslı məhsullara olan ehtiyacının 20-25 faizini təmin edir.
A.Məmmədov bildirib ki, bu zavodun emalında illik 10,3 milyon ton xam neft və 0,3 milyon kubmetr təbii qaz istifadə edilir:
“STAR“ neft emalı zavodunun illik emal gücü 10 milyon tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı (1,6 milyon ton), nafta (1,5 milyon ton) təşkil edir. Bundan başqa, zavod illik 0,3 milyon ton LPG, 1 milyon ton reformat, 0,7 milyon ton neft koksu, 0,2 milyon ton kükürd istehsal edir”.
O qeyd edib ki, STAR neft emalı zavodunda 11 mln ton həcmində neftin emalı nəzərdə tutulur: “Gələn il zavodun layihə səviyyəsinin üstələcəyi və 106 % olacağı gözlənilir. Bu ilin sonuna STAR-da emal olunan neftin həcmi 76 mln barel təşkil edəcək”.
STAR NEZ-in saxlama anbarlarının genişləndirilməsi məsələsinə də toxunan A.Məmmədov bu işlərin 2022-ci ilin I rübündə yekunlaşacağını söyləyib. Onun sözlərinə görə, iki mərhələdən ibarət olan layihənin birinci hissəsi, nafta, aviasiya yanacağı, dizel yanacağı kimi neft məhsullarının saxlanılmasını nəzərdə tutan anbarların inşası artıq yekunlaşıb. Xam neft və mazutun saxlanılmasını nəzərdə tutan hissə isə 2022-ci ilin I rübündə yekunlaşacaq. Bu iki layihə 2 ədəd 134,5 min kubmetrlik xam neft çəni və 2 ədəd 36,5 min kubmetrlik neft ara məhsul çəni olmaqla, cəmi 342 min kubmetr əlavə ehtiyat imkanı təmin edəcək.
A.Məmmədov NEZ və Neft-kimya Birliyinin 2021-ci il üçün nəzərdə tutulan planlarına da toxunub. Bildirib ki, bunlar dəyəri artıran layihələr, səmərəlilik və maksimum istehsal gücü vasitəsilə əməliyyat mükəmməlliyinə nail olmaqdır. Əməliyyatlarda və iş axınlarında avtomatlaşdırma, inkişaf etmiş analitik istifadə halları ilə birlikdə 2021-ci il də Neft Emalı və Neft-kimya Birliyi üçün əhəmiyyətli maliyyə və davamlılıq üçün fayda gətirəcək. “Star” Qlobal Lighthouse Şəbəkəsi müraciət nəticəsini gözləyir. İnteqrasiya üzrə hədəf müəyyən olunmuş dəyər qazanma imkanlarını izləməklə inteqrasiyadan gələn əsas sinerjilərə davam etməkdir. Neft Emalı və Neft-kimya Birliyi müəyyən olunmuş hədəflərə çatacaq.
İstehsalat sahəsində “Star”ın istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmağa davam edəcəyini deyən A.Məmmədov qeyd edib ki, ticarət və təchizat zənciri üzrə əsas hədəflər planlaşdırma və optimallaşdırma, xam neft logistikası inkişafı, orta xammal tədarükü və məhsul satışı, məhsul qarışığı və premiumların optimallaşdırılması, maliyyə baxımından isə “Petkim Eurobond”un yenidən maliyyələşdirilməsinə başlamaq, “Star”ın kredit ödənişləri üzrə qrafikin yenidən müəyyənləşdirilməsi əsas məqsədlərdir. (1news.az)