Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Yüksək Texnologiyalar Parkı (YTP) burada istehsal olunan malların xaricə ixracı üçün işlərə başlayıb. FED.az xəbər verir ki, alimlər bu məsələni ölkənin ixrac platforması olan "Azexport" rəhbərliyi ilə müzakirə ediblər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, ilk növbədə söhbət YTP-də istehsal olunan sürtgü və motor yağlarından gedir. Bu yağlara tələbatın böyük olması nəzərə alaraq, onlar barədə məlumatın "Azexport" portalında yerləşdirilməsi ilə müzakirə olunub. "Azexport" portalının rəhbəri Zaur Qardaşovun YTP-nin direktoru Vüqar Babayev ilə apardığı danışıqlarda "Millers Oils" və "TSZ" markası altında istehsal edilən yağların "Azexport"da və beynəlxalq platformalarda marketinq və satış imkanları dəyərləndirilib və müzakirə edilib.
Müzakirədə bildirilib ki, YTP-nin məhsullarının keyfiyyəti elə yerindəcə, burada təşkil olunan laboratoriyada nəzarətdən keçirilir ki, bu da məhsulun keyfiyyəti ilə bağlı xarici tərəfdaşlara əlavə zəmanət verməyə imkan yaradır. Müzakirə zamanı bildirilib ki, yerli istehsal olan yağlar keyfiyyət göstəricilərinə görə dünyanın ən aparıcı yağ markaları ilə rəqabət apara bilər. Nəzərə alsaq ki, məhsulların qiyməti də kifayət qədər rəqabətqabiliyyətli olduğundan, bu kateqoriyadan olan məhsulların xarici bazarlarda uğur qazanma ehtimalı çox yüksəkdir.
Yağların ixracı ilə bağlı ilkin hesablamalar da var. Zaur Qardaşov bildirib ki, "Azexport" portalının araşdırmalarına görə, sürtgü və motor yağları üçün yaxın illərdə xarici bazarlarda marketinq strategiyası düzgün qurulacağı təqdirdə Azərbaycan illik 500 milyon ABŞ dolları həcmində müxtəlif növ motor və sürtgü yağları ixrac edə bilər.
AMEA YTP-nin yerli və beynəlxalq bazarlarda maraqlı olacaq digər məhsulu müxtəlif təyinatlı uçan dronlardır. Dronlar hazırda iqtisadiyyatın müxtəlif sahələrində istifadə edilir və onların dünyada illik bazarı orta hesabla 15-20 faiz artır. Bu məhsul haqqında məlumatın da portalda yerləşdirilməsi və eyni zamanda, beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib. Digər əldə olunmuş razılığa əsasən, dronların "Azexport"un Azərbaycan daxili azhəcmli çatdırılmalarında test sınaqları keçiriləcək.
Qeyd edək ki, AMEA Yüksək Texnologiyalar Parkı, Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Hazırda AMEA YTP-də 7 rezident fəaliyyət göstərir - "AMEA Təcrübə-Sənaye Zavodu" MMC, "Millers Oils Azerbaijan" MMC, "Elm və Texnologiya Parkı" MMC, "AGRO Bio Eco Tech" MMC, "EPC Group" MMC, "DN TECHNOLOGIES" MMC və "Alqoritmika" MMC. Bu rezidentlərdən artıq üçü istehsala başlayıb və digərlərinin quraşdırma işlərini davam etdirilir.
Alimlərimiz də biznesə başladılar – 500 MİLYON DOLLAR
13:12
16 Aprel 2018