Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda “ACWA Power Technical Financial Services” törəmə şirkəti yaradıb.
FED.az bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Şirkət məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında və 50 min ABŞ dolları nizamnamə kapitalı ilə qeydiyyatdan keçib.
MMC-nin rəsmi nümayəndəsi Türkiyə vətəndaşı Güven Mehmet Salimdir. Cəmiyyət 2024-cü ilin avqustun 28-də Azərbaycanın vergi orqanlarında dövlət qeydiyyatından keçib.
Xatırladaq ki, "Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızı rayonunun Sitalçay kəndində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.
Layihə "build-own-operate" (inşa et–sahib ol–idarə et) prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək.
Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır. (Report)