Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan indiyədək 545 mln. ton neft hasil edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "Azərbaycan inkişaf modeli: dünən, bu gün və sabah" mövzusunda keçirilən konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə, AÇG-dən indiyədək əldə olunan gəlirlər 155 mlrd. dollar təşkil edib.
P. Şahbazov qeyd edib ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə Türkiyə va Avropaya 12,4 mlrd. kubmetrdən çox qaz nəql edib. Hesabat dövründə Avropaya 7,3 mlrd. kubmetr qaz tədarük edilib.
Nazir onu da vurğulayıb ki, Avropaya qaz ixracının artırılması üçün böyük potensial var və ehtiyac duyulsa, tədarük həcmləri və coğrafiyas genişləndirilə bilər.
P. Şahbazov əlavə edib ki, 2024-cü ildə Azərbaycanda qaz hasilatı 50 mlrd. kubmetrə çatacaq.
Xatırladaq ki, bu il AÇG-də 171,6 mln. barel neftin hasil olunacağı proqnozlaşdırılır.
Qeyd edək ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP – 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-cü ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.