Azəri Mərkəzi Şərqi (ACE) platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada ən qabaqcıl, həmçinin qurudan idarə etdiyi ilk platformadır.
FED.az-a şirkətdən verilən məlumata görə, bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin operatoru kimi bu gün Xəzər dənizinin Azərbaycan sektorunda AÇG yatağının işlənməsi çərçivəsində yeni Azəri Mərkəzi Şərqi (ACE) platformasından neft hasilatına başlandığını elan edir.
bp-nin strategiyası bü günün enerji sisteminə, yəni ACE kimi layihələrin işlənməsinə, və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır.
ACE platforması Xəzər dənizində nəhəng AÇG yatağında quraşdırılmış yeddinci neft hasilatı platformasıdır. AÇG-dən ilk hasilat 1997-ci ildə başlanıb və həmin vaxtdan indiyədək yataqdan 4,3 milyard bareldən çox neft hasil edilib. Bundan əlavə, Xəzər dənizində bp-nin əməliyyatçısı olduğu Şahdəniz qaz yatağında daha iki platforma istismardadır.
ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.
Yeni hasil olunan neft əvvəlcə platformadakı texniki emal qurğularından keçəcək, sonra isə 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşulmuş yeni yataqdaxili boru kəməri vasitəsilə təxminən 130 kilometr yol qət edərək Səngəçal terminalına ixrac ediləcək.
ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.
bp-nin layihələr üzrə baş vitse-prezidenti Yuan Drammond: “bp-nin tam qurudan idarə olunan ilk dəniz platformasını təhlükəsiz şəkildə inşa edən və istismara verən bp komandası ilə çox qürur duyuram. Bununla həm şirkətimiz, həm də daha geniş miqyasda bütün sənaye üçün innovativ mühəndislik və rəqabətədavamlı layihə həyata keçirilməsinin yeni standartı müəyyən edilmiş olur.”
ACE platforması texnoloji və rəqəmsal baxımdan bp-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Platforma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emissiyaları azaltmağa da kömək edir.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz: “ACE platformasının uğurla işə salınması bp, SOCAR və Azərbaycan hökuməti arasında davamlı sıx əməkdaşlığın və tərəfdaşlarımızın dəstəyinin əsl nümayişidir. Bu nailiyyətin AÇG-nin 30-cu ildönümündə əldə olunması bu dünya miqyaslı yatağın işlənməsinin növbəti mərhələsinin başlandığını bildirir.”
“Biz artıq Xəzərdə doqquz dünya səviyyəli hasilat platforması inşa etmişik, quraşdırmışıq və təhlükəsiz şəkildə idarə edirik. Bunların arasında ACE, həqiqətən də, öz mühəndislik kreativliyi, qabaqcıl rəqəmsal texnologiyası və avtomatlaşdırmalarına görə tam seçilir. Qürur duyuruq ki, “gələcəyin platforması” olduğuna inandığımız belə bir qurğunu uğurla ərsəyə gətirmişik.”
ACE platformasının təhlükəsiz şəkildə işə salınması 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin müddətinin uzadılmasından sonra AÇG tərəfdaşlarının qəbul etdiyi ilk böyük investisiya qərarının reallaşmasıdır.
AÇG layihəsində iştirak payları: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), INPEX (9,31%), Equinor (7,27%), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGCVidesh (2,31%).
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihə üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. ACE AÇG yatağının işlənməsi çərçivəsində yeddinci platformadır və 2014-cü ildə Qərbi Çıraq platforması işə salındıqdan bəri ilk yeni hasilatdır.