Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) platformasından ilk neftin çıxarılması 2024-cü ilin əvvəlinə gözlənilir.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, platformanın üst modulları artıq barjaya yüklənilib və onların fiziki olaraq dənizə yola salınması iyunda baş tutacağı gözlənilir.
Bəxtiyar Aslanbəyli onu da qeyd edib ki, platformanın alt modulları artıq dənizdə quraşdırılıb.
Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır. (Apa)