ABŞ administrasiyası neft şirkətlərini xəbərdar edib ki, onlar yalnız bu ölkənin neft sənayesinə əhəmiyyətli investisiyalar qoyduqları təqdirdə Venesuela sayəsində kompensasiya alacaqlar.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Qəzet qeyd edir ki, Amerika neft şirkətləri uzun müddətdir Venesueladakı aktivlərini geri almaq istəyirlər və indi ABŞ Prezidenti Donald Tramp administrasiyası bir şərtlə onlara buna nail olmaqda kömək təklif edir. Son həftələrdə administrasiya rəsmiləri neft şirkətlərinin rəhbərlərinə bildiriblər ki, əgər Venesuela hakimiyyəti tərəfindən ələ keçirilən qazma qurğuları, boru kəmərləri və digər əmlakları üçün kompensasiya almaq istəyirlərsə, Bolivar Respublikasına qayıtmağa və ölkənin neft sənayesinin bərpasına əhəmiyyətli investisiyalar qoymağa hazır olmalıdırlar.
“Politico” vurğulayır ki, şirkətin nümayəndələri Venesuelada neft yataqlarının bərpasının aparılmasında çətinliklərdən ehtiyat edirlər, üstəlik, ölkəyə yaxın gələcəkdə kimin rəhbərlik edəcəyi bəlli deyil. Nəşrin qeyd etdiyi kimi, onları, ilk növbədə, administrasiya əməkdaşlarının avadanlıqların təhlükəsizliyinə zəmanət verə bilib-bilməyəcəyi, ödənişlərin necə həyata keçiriləcəyi, eləcə də qiymətlərin kifayət qədər artıb-artmayacağı narahat edir.
Yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun tutulması ilə əlaqədar keçirilən mətbuat konfransında Tramp ABŞ-ın Karakasdan Amerika neft şirkətləri üçün kompensasiyaya nail olacağını bildirib və qeyd edib ki, onlar da öz növbəsində Bolivar Respublikasında neft infrastrukturunun bərpasına vəsait ayıracaqlar.










