ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yaxın gələcəkdə ölkəsinin idxal etdiyi OPEC neftindən tam qurtulmağı hədəflədiyini bildirib. Ötən 1960-cı illərdən etibarən OPEC, xüsusilə də ərəb ölkələrindən neft idxal edən ABŞ 2000-ci illərin əvvəlində yeni texnologiyaların inkişaf etməsi nəticəsində şist neft hasilatına başlayıb. Xatırladaq ki, OPEC 1973-ci ildə ABŞ-a embarqo tətbiq edərək bu ölkədə iqtisadi böhranın yaranmasına səbəb olub.
Şist neft hasilatı 2014-cü ildə 9,6 mln. barel/gün həddini ötüb və o zaman da dünya iqtisadiyyatı "doyma" nöqtəsinə gəldiyindən neftə tələbat azalıb. Bu da öz növbəsində neft qiymətlərinin kəskin azalması ilə nəticələnib.
Xatırladaq ki, ABŞ Energetika Nazirliyi Enerji İnformasiyaları Agentliyinin (EİA) məlumatına əsasən, 31 dekabr-6 yanvar həftəsində ABŞ 8,946 mln. barel/gün neft istehsal edib. Hesabat həftəsində ABŞ-ın neft istehlakı isə 17,1 mln. barel/gün təşkil edib. Bu da o deməkdir ki, ABŞ hazırda gündəlik 8 mln. barel neft idxal edir və əgər bu neft ABŞ daxilində istehsal edilərsə, OPEC-in əlində gündəlik olaraq 8 mln. barel artıq neft yaranacaq. Qeyd edək ki, ABŞ nəinki neft idxal etməməyi, hətta onu ixrac etməyi də planlaşdırdığını açıqlayıb. Nəticədə, yaxın illərdə neft qiymətlərinin ən yaxşı halda cari səviyyədə qalması, hətta daha da aşağı enməsi proqnozlaşdırılır.