Tramp administrasiyası ABŞ-İsrail müharibəsi nəticəsində yaranan neft qiymətlərini azaltmaq üçün İranın dənizdən neft alışına tətbiq edilən sanksiyaları 30 gün müddətinə ləğv edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirliyi məlumat yayıb. ABŞ-ın xəzinədarlıq katibi Skott Bessent bildirib ki, bu güzəşt qlobal bazarlara təxminən 140 milyon barel neft gətirəcək və enerji təchizatında problemləri azaltmağa, eləcə də qiymətləri sabitləşdirməyə imkan verəcək.
Xatırladaq ki, son günlər neft qiymətləri təxminən 50% artaraq 2022-ci ildən bəri ən yüksək göstərici olan 100 dolları keçib. Bu vəziyyətdən zərər görən tərəflərdən biri də müharibəni başlayan ABŞ, onun biznesi və əhalisidir.
İndi isə ABŞ İran neftinə sanksiyanı müvəqqəti dayandırmaqla qiymətləri aşağı salmaq istəyir. Bu ABŞ hökumətinin son 2 həftə ərzində 3-cü belə addımıdır. Bundan əvvəl Rusiya neftinə qarşı sanksiyalar yumşaldılıb, bir neçə gün əvvəl isə gəmilərə yüklənmiş İran xam nefti və neft məhsullarının satışına icazə verilmişdi. İş o yerə çatıb ki, İran neftini ABŞ özü də ala bilər.
ABŞ hökuməti bildirir ki, «bu addım ilə İran neftindən Tehrana qarşı istifadə edəcəyik». Amma neftin satışından gələn pulların müharibədə ABŞ-ın özünə qarşı istifadəsi də müzakirə edilməyə başlayıb.
«Blackstone Compliance Services» şirkətinin direktoru David Tannenbaum isə bildirib ki, “Yumşaq desək, bu, axmaqlıqdır”. “Əsasən, biz İrana neft satmağa icazə veririk ki, bu da müharibə səylərini maliyyələşdirmək üçün istifadə edilə bilər.”
ABŞ hökuməti isə bu təhlükəni təkzib edir - Bessent bildirir ki, “Bu müvəqqəti, qısamüddətli icazə yalnız artıq tranzitdə olan neftə aiddir, yeni çıxarılacaq neft aid deyil. Üstəlik İran bu neftin satışından əldə edilən istənilən gəlirə çıxışda çətinlik çəkəcək və ABŞ İrana və onun beynəlxalq maliyyə sisteminə çıxış qabiliyyətinə maksimum təzyiq göstərməyə davam edəcək».











