ABŞ hökuməti iyunun 13-də Oman körfəzindəki tanker partlayışlarında İranın günahkar olduğunu elan edib.
FED.az xəbər verir ki, bununla bağlı rəsmi bəyanatı ABŞ-ın dövlət katibi Maykl Pompeo dünən keçirilən mtbuat konfransında açıqlayıb.
Dövlət katibi bildirib ki, İran əvvəllər də Hörmüz boğazında komersiya gəmilərinə hücumlar təşkil edib. ABŞ prezidenti Donald Tramp bu ittihamı öz Tvitter səhifəsində bölüşüb.
Dövlət katibi bildirib ki, «ABŞ hökumətinin qiymətləndirməsinə görə. Oman körfəzində baş verən hücuma görə məsuliyyəti İran daşıyır. Kəşfiyyat məlumatlarının analizi, hücumda istifadə olunan silah, eləcə də belə hücumlarda tələb olunan təcrübə bu qənaətə gəlməyə səbəb olub. Bir qədər əvvəl də gəmilərə hücum olmuşdu. Eləcə də regionda heç bir qruplaşma belə mürəkkəb səviyyəli hücum qurmaq imkanlarına və təcrübəsinə malik deyil. Bu İran İslam Respublikası tərəfindən ABŞ və onun müttəfiqlərinin maraqlarına yönəlmiş hücumlardan biridir»-deyə dövlət katibi İrana qarşı ittihamları əsaslandırmağa çalışıb.
Dövlət katibi xatırladıb ki, aprelin 21-də İran elan etmişdi ki, Hörmüz boğazından neft ixracını dayandıracaq və iran hökuməti bu vədi yerinə yetirməklə məşğuldur: «Mayın 12-də İran Hörmüz boğazındakı 4 tankerə hücum edib. Bu hücumlar beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaradır, gəmiçiliyin azadlığına açıq hücumdur, eləcə də İran tərəfində7n gərginliyin artırılması kampaniyasının bir hissəsidir».
Bununla yanaşı, Maykl Pompeo öz çıxışında İranın bu hücumlarda əlinin olması ilə bağlı konkret sübut göstərməyərək, bu qənaətin «kəşfiyyat məlumatlarının analizinə» əsaslandığını bildirib.
ABŞ dövlət katibinin səsləndirdiyi fikirlər ABŞ-ın nüvə sazişindən çıxması və ondan sonra iki ölkə arasında münasibətlərin gərginləşdiyi dövrdə İrana qarşı ən ağır və konkret ittihamdır. Ekspertlərin fikrincə, Pompeonun çıxışında səsləndirdiyi bəzi ifadələr Yaxın Şərqdə yen müharibənin başlana biləcəyinə işarə edir.
ABŞ-ın ittihamlarına İranın cavabı gecikməyib. İranın xarici işlər naziri Cavad Zərif bildirib ki, ABŞ-ın İrana qarşı ittihamları əsassızdır. Nazir tvitter hesabında yazıb ki, ABŞ-ın heç bir sübut olmadan İranı ittiham etməsinə təəccüblənib: «ABŞ heç bir sübuta malik olmasalar da İrana qarşı ittiham irəli sürmək imkanını qaçırmayıb». Zərifi bildirib ki, ABŞ-ın bu addımı diplomatik səyləri sabotaj etmək məqsədi daşıyır.
ABŞ-dan müharibə açıqlaması: «TANKERLƏRİ İRAN PARTLADIB»
08:18
14 İyun 2019