Ötən həftə ABŞ rekord həcmdə - 1,5 mln. barel/gün neft ixrac edib. "Financial Times"ın xəbərinə görə, bu, bir neçə OPEC ölkəsinin neft ixracından artıqdır.
Qəzetin verdiyi məlumatda bildirilib ki, 40 il davam edən və 2015-ci ildə ləğv olunan ixrac qadağasından sonra ABŞ dünya neft bazarında öz mövqeyini möhkəmləndirməyə başlayıb. Xam neft dolu tankerlər əsasən Meksika körfəzindən yüklənib və Kanada, Avropa, Asiya regionuna göndərilib. ABŞ neftinə verilən yüksək endirimlər onu rəqabətə davamlı və cəlbedici edib.
Qeyd edək ki, ötən həftə ixrac əvvəlki həftə ilə müqayisədə 563 min barel/gün və ya 60,6% artaraq 1,491 mln. barel/gün təşkil edib. 2017-ci il ərzində orta gündəlik ixrac isə 783 min barel olub. Bu da ötən ilin orta ixrac göstəricisi ilə müqayisədə 62% çoxdur.