ABŞ-da xam neft ehtiyatları 16-23 fevral tarixlərində 0,884 mln. barel azalıb. Bu məlumatı Amerika Neft İnstitutu (APİ) yayıb. Qeyd edək ki, analitiklər neft ehtiyatlarının 3,3 mln. barel artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, APİ-nin hesabatı bu gün, fevralın 23-də ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən açıqlanacaq rəsmi hesabatın ilkin siqnalı kimi qəbul olunur.
EİA-nın proqnozuna görə, hesabat həftəsində neft ehtiyatları 3,475 mln. barel artım göstərməli, benzin ehtiyatları 0,888 mln. barel, distillat ehtiyatları isə 0,483 mln. barel azalmalı idi.
Qeyd edək ki, APİ-nin hesabatı bu gün "Brent" markalı neftin qiymətinin 0,9% artaraq 56,35 dollar/barelə çatmasına səbəb olub. Bu gün açıqlanması gözlənilən EİA hesabatı və fevralın 25-də "Baker Hughes" şirkətinin ABŞ-ın həftəlik neft hasilatı və aktiv qazma quyularının sayı barədə məlumatı əsasında neft qiymətlərinin hərəkət trayektoriyası müəyyənləşəcək.
"Report"un analitik qrupu hesab edir ki, neft qiymətlərinin bu gün də azalma trendinə davam etməsi gözlənilir. "Brent" markalı neftin qiyməti 50 dollar/barelə qədər geriləyə bilər. Lakin, neft qiymətlərinin yaxın perspektivdə 45 dollar/bareldən aşağı düşəcəyi proqnozlaşdırılmır. Maksimum isə qiymətlər yaxın 1 ildə 65 dollar/barelə kimi yüksələ bilər.