SOCAR-ın sosial məsuliyyət layihələri çərçivəsində dəstək verdiyi Azərbaycan Britaniya Kolleci (ABC) Britaniya Beynəlxalq Məktəblər Şurasına (COBİS) tam akkreditasiya olunmuş üzv kimi qəbul olunmuşdur.
SOCAR-dan FED.az-a verilən məlumata görə, bu məqsədlə COBİS-in məktəbdə olmuş 5 nəfərdən ibarət ekspert qrupu tərəfindən təhsil müəssisəsinin tam detallı qiymətləndirilməsi və zəruri təftiş prosedurları aparılmışdır. Bir il davam edən prosesdən sonra, ötən həftə COBİS təşkilatının İdarə Heyəti bütün nəticələri nəzərdən keçirərək ABC-ni tam akkreditsiya olunmuş üzv kimi ratifikasiya etmişdir.
Məktəbin direktoru, Carl P.Lander bildirib ki, “Bu, məktəbin standartlarını qaldırmaq və Azərbaycanda ən keyfiyyətli təhsil xidməti göstərmək naminə çalışan icmamız üçün qürurverici an oldu.”
Beləliklə, ABC hazırda Mərkəzi Asiyada, Qara dəniz sahili ölkələrində və Qafqaz regionunda COBİS tərəfindən tam akkreditasiya almış yeganə məktəbdir. Bu uğura məktəb rəhbərliyinin, müəllimlərin, müəllim köməkçilərinin təhsilin keyfiyyətinin artırılmasına verdikləri töhfələr, üzərlərinə düşən məhsuliyyətin öhdəsindən gəlmələri nəticəsində nail olunub. Məktəbin direktoru Carl P.Lander qeyd edib ki, “Mən məktəbimizin icması ilə qürur duyuram. Bu doğru istiqamətə atılmış addımdır. Biz artıq Azərbaycanın tam akkreditasiyalı aparıcı beynəlxalq məktəbiyik. Bütün Qafqaz, Qara dəniz və Orta Asiya bölgəsində aparıcı Britaniya Beynəlxalq Məktəbi olmaq üçün irəliləyirik.”
Qeyd edək ki, COBIS dünyanın 450-dən çox nüfuzlu məktəb və qurumlarını özündə birləşdirir. Yüksək keyfiyyətli COBİS məktəblərində hazırda 150.000-dən çox şagird təhsil alır, Avropa, Asiya, Afrika, Yaxın Şərq və Amerikanın 80 ölkəsindən olan 30.000-dən çox müəllim çalışır.
COBIS kvalifikasiya almış məktəblərə 3 səviyyədə tanınma imkanı təklif edir. Bu məktəblərin böyük əksəriyyəti üzərlərinə assosiasiyaların yüksək standartlarına riayət etmək öhdəliyi götürən ortaq və ya uyğun üzvlərdir. Bir neçə elit məktəb üçün akkreditə olunmuş üzv statusu mövcuddur. Bu statusu qazanmaq üçün məktəblərin standartları və təminatı dünyanın ən yaxşı məktəbləri ilə müqayisə olunur və bu məktəblər qiymətləndirmə və təftişdən ibarət iki mərhələli prosedurdan keçirilir.
2012-ci ildən fəaliyyətə başlayan ABC, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 655 şagirdə xidmət göstərməkdədir. ABC-də İngiltərə milli kurikulumu 24 əcnəbi və 73 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq, Azərbaycan dili, ədəbiyyatı və tarixi fənnləri də əlavə dərslər kimi kurikuluma daxil edilmişdir. Azərbaycan Britaniya Kolleci Nizami rayonu Mikayıl Əliyev küçəsi 20/41 ünvanında yerləşir.