“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Qərbi Abşeron” yatağı üçün yeni 10 saylı stasionar dəniz özülünün tikintisi uğurla davam etdirilir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir. 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül 9 dayaq bloku üzərində yığılacaq və dənizin 13,5 metr dərinliyində yerləşdiriləcək. Ümumi sahəsi 3480 kvadrat metr təşkil edən obyekt istehsalat və yaşayış sahələrindən, o cümlədən 4 minik meydançası, 7 yanalma meydançası, 9 aralıq seksiyasından ibarət olacaq. İstehsalat və yaşayış sahələri 2 piyada körpüsü vasitəsi ilə bir-birinə birləşdiriləcəkdir.
Özülün tikintisi üçün 2113 ton metal sərfi nəzərdə tutulub. Artıq dayaq blokları, aralıq seksiyaları, piyada körpüləri, minik və yanalma meydançaları, çirkab suları üçün çənlər, eləcə də qülləaltı postamentin hərəkət yolları quraşdırılmış, 54 svayın və quyu istiqamətləndiricilərinin hamısı vurulmuşdur. Avadanlıqaltı şit və artezian nasoslarına xidmət meydançası tikilmiş, qaynaq və bərkitmə işləri tamamlanmışdır. Yanğınsöndürmə, yanacaq və içməli su xətlərinin çəkilişi yekunlaşmaq üzrədir. İşlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, 10 saylı özüldən qazılacaq quyulardan ümumilikdə sutkada 1200-1500 ton neft hasil olunacağı gözlənilir.
''Qərbi Abşeron” yatağı üçün 10 saylı özülün tikintisi davam etdirilir
15:03
19 Aprel 2017