“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni 1541A saylı estakadayanı meydançanın tikintisi uğurla davam etdirilir.
FED.az SOCAR-a istinadən xəbər verir ki, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunan obyektin baş podratçısı “Neftqaztikinti” Trestidir.
14 istismar quyusunun qazılması üçün nəzərdə tutulan estakadayanı meydança dənizin 16 metr dərinliyində yerləşdiriləcək. 6 ədəd dayaq bloku üzərində yığılacaq obyekt 2 minik meydançası, 5 yanalma meydançası, 7 aralıq seksiyasından ibarət olacaq. Ümumi sahəsi 2400 kvadrat metr təşkil edən meydançanın tikintisi üçün 1616 ton metal sərfi nəzərdə tutulub. Artıq metal konstruksiyaların hazırlanması işləri başa çatdırılmış, quraşdırma işlərinə start verilmişdir. “General Şıxlinski” kran gəmisi vasitəsilə dayaq bloklarının hamısı, eləcə də 4 aralıq seksiyası layihə nöqtəsində quraşdırılmış, blokların bərkidilməsi üçün 18 ədəd svay vurulmuşdur. Meydançanın estakada ilə birləşən hissəsində də işlərə başlanılmışdır. Hazırda işlər təhlükəsizlik və əməyin mühafizəsi ilə bağlı bütün müasir tələblərə uyğun şəkildə davam etdirilir.
Qeyd edək ki, 1541A saylı estakadayanı meydançadan qazılacaq quyulardan ümumilikdə sutkada 137 ton neft hasil olunacağı gözlənilir.
''Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir
12:40
10 Aprel 2017