"Azərenerji" ASC 2022-ci ili 436 milyon 506 min manat xalis mənfəət ilə başa vurub. Dövlət şirkəti 2021-ci ili 147 milyon 227 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Azərenerji"nin xalis mənfəəti təxminən 3 dəfə və ya 289 milyon 279 min manat artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Şuşada və Hadrutda elektromobillər üçün - Şarj Stansiyası Quraşdırılıb
FED.az xəbər verir ki, "Azərenerji"nin satışdan gəlirləri 2021-ci ildə 1 milyard 280 milyon 912 min manat ikən, 2022-ci ildə 1 milyard 840 milyon 564 min manata yüksəlib (559 milyon 652 min manat və ya 43,7% artıb).
Ötən il "Azərenerji" ASC-nin yığılmış zərəri 436 milyon 506 min manat azalaraq 2 milyard 164 milyon 739 min manata düşüb.
2022-ci ildə "Azərenerji" ASC-nin cəmi aktivləri 374 milyon 677 min manat və ya 9% artaraq 4 milyard 522 milyon 509 min manata yüksəlib. 31 dekabr 2022-ci il tarixində "Azərenerji" ASC-nin 1 milyard 172 milyon 998 min manat uzunmüddətli və qısamüddətli kredit borcları olub (2021-ci ilin sonunda 1 milyard 332 milyon 449 min manat təşkil etmişdi).
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti ölkənin elektroenergetika sisteminin fəaliyyətini təmin etməklə, elektrik enerjisinin istehsalı və ötürülməsinin, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarının, yarımstansiyaların, sistemtəşkiledici yüksək gərginlikli elektrik verilişi xətlərinin və onların dispetçer idarəetmə vasitələrinin koordinasiyasını həyata keçirir. Səhmləri dövlətə məxsusdur.
Azərbaycan Prezidentinin 4 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib. O, "Əməkdar mühəndis" adına layiq görülüb. (Marja)