Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin martın 2-si saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şərq rayonlarında intensiv olub.
FED.az xəbər verir ki, departamentdən bildiriblər ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 30, Neftçalada 28, Çilov adasında 27, Sumqayıt, Balakəndə 25, Pirallahı, Neft Daşlarında 26, Tərtərdə 23, Naftalan, Zabratda 22, Ələt, Ağstafa, Tovuzda 20, Altıağac, Binədə 19, Xaçmaz, Salyan, Ağdərədə 18 metr/saniyəyədək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb.
Havanın minimal temperaturu dağlıq rayonlarda 3°, yüksək dağlıq rayonlarda isə 8°-dək şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti martın 3-ü səhərədək davam edəcək, martın 2-dən 3-nə keçən gecə şimal-qərb küləyi mülayimləşəcək. Martın 3-ü gündüz hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.