Son illərdə Xəzər dənizində suyun geri çəkilməsi Lənkəran rayonunda da sahil ərazilərdə quru sahələrin yaranmasına səbəb olub. Buna səbəb kimi bölgədə yağıntıların azalması, buxarlanmanın artması, habelə çay axınlarının zəifləməsi göstərilir. Bu proses təkcə Lənkəranda deyil, Xəzər hövzəsinin digər sahil zolaqlarında da müşahidə edilir.
Xəzər dənizi 18 ildə 36 min km² kiçilib - Sahil xətti 30-35 km geri çəkilib
FED.az xəbər verir ki, dənizin suyunun azalması nəticəsində Lənkəran sahillərində qayalıq kimi görünən çıxıntıların əslində nəhəng ağac kökləri olduğu müəyyənləşib.
Mütəxəssislər Xəzər dənizində suyun geri çəkilməsinin bir neçə səbəbinin olduğunu bildirirlər. Bu prosesin əsas amillərindən biri qlobal istiləşmənin yaratdığı intensiv buxarlanmanın artmasıdır.
Ekoloq Nazim Məmmədov deyir ki, müxtəlif illərdə müşahidə olunan dəniz suyunun kəskin azalması sonradan su səviyyəsinin artması ilə əvəzlənib: “Ümumilikdə, Xəzər dənizi beş ölkənin əhatəsində yerləşir və bu ölkələr hər il ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həm maarifləndirici, həm də praktiki tədbirlər həyata keçirirlər. Son on ildə dəniz səviyyəsində müşahidə olunan enmə bu sahədə narahatlıq doğuran əsas məsələlərdən biridir. Səviyyənin aşağı düşməsi həm bölgənin coğrafi-iqlim xüsusiyyətləri, həm də fiziki amillər – xüsusilə də buxarlanmanın artması ilə bağlıdır. Bununla yanaşı, Xəzəri qidalandıran çay və göllərdə suyun azalması prosesi daha da sürətləndirir. Nəticədə, yaranan vəziyyət həm qlobal, həm də regional ekoloji problem kimi qiymətləndirilir”. (Azərtac)















