Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şərq küləyi əsəcək, aprelin 30-da bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.
Xidmətin məlumatına görə, aprelin 28-də -
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.