Azərbaycanda qeyri-adi təbiət hadisəsi baş verir. Xəzər dənizi Kür çayına tökülərək irəliləməkdə davam edir.
Eləcə də bax: Azərbaycanda ilk dəfə dəniz suyu çaya qarışıb - KƏNDLƏR SUSUZ QALIB
FED.az xəbər verir ki, Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub.
Çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi səbəbiilə artıq Kür Xəzərə yox, Xəzər Kürə axmağa başlayıb. Dənizinin şor suyu isə çayın şirin suyunu istifadəyə yararsız edib. Bu özünü daha çox çayın Neftçala rayonu ərazisindən keçən hissəsində qabarıq göstərir.
İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar. Bununla bağlı rayon İcra Hakimiyyətində operativ qərargah yaradılıb.
Yaranmış problemin aradan qaldırılması üçün "Azərsu" ASC tərəfindən hər birinin tutumu 10 kubmetr olan xüsusi təyinatlı 20 su maşını göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunur.
Sözügedən yaşayış məntəqələrində də vəziyyət təhlükəli həddə çatıb. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil.
Rayonda vəziyyət nəzarətə götürülsə də hələ ki, gərgin olaraq qalır. Məlumata görə, Mingəçevir su anbarından buraxılan suyun həcminin artırılması ilə vəziyyətin aradan qaldırılacağı gözlənilir. (Report)