Hindistanın Banqalor sakinləri su qıtlığı səbəbindən daha az duş qəbul etməyə çağırılıb.
Dünya Bankı: Azərbaycanın sərhədlərarası su mənbələrindən asılılığı artacaq
FED.az xəbər verir ki, Hindistanın «İT paytaxtı» sayılan Banqalor su qıtlığı ilə üzləşib. Buna səbəb yeraltı suların səviyyəsinin aşağı düşməsi və şəhərin sürətli böyüməsidir. Buna görə də, hökumət Banqalor sakinlərini iki gündən biri yuyunmağa, paltarları az yumağa, eləcə də birdəfəlik əşyalardan istifadə etməyə çağırıb.
Qeyd edək ki, Hindistanın "Silikon Vadisi" adlandırılan bu şəhərdə «Infosys», «Wipro», «Google» və «Cisco» kimi bir çox İT nəhənglərinin qərargahları yerləşir. CNN-in məlumatına görə, Banqalorda su qıtlığı səbəbindən şəhərinin sakinləri daha az duş qəbul etməyə məcbur qalıblar.
Hindistan səlahiyyətliləri insanlara gündəlik duş qəbulunu azaltmağı, birdəfəlik mətbəx qablarından istifadə etməyi, camaşırxana və qabyuyan işlərini azaltmağı tövsiyə edib.
Şəhərin su təchizatı və kanalizasiya idarəsinin sədri Ram Manohar bildirib ki, 14 milyon əhali olan şəhərin gündə təxminən 2 milyard litr suya ehtiyac var. Lakin bu tələbatın yalnız yarısı ödənilir.
Şəhərin suyunun 70%-dən çoxu Banqalorun yaxınlığındakı Cauvery çayından gəlir. Amma çayın suyu sürətlə böyüyən şəhəri su ilə təmin edə bilmədiyi üçün sakinlər quyulardan çıxan qrunt sularından istifadə edirlər. Keçən il zəif musson yağışları səbəbindən qrunt sularının da səviyyəsi aşağı düşüb.
İqlimşünas T.V.Ramaçandra qeyd edib ki, Banqalorun ərazisinin 83%-i betonla örtülü olduğuna görə, qrunt su ehtiyatlarının artırılması üçün heç bir imkan yoxdur. "Bu, şəhərin plansız böyüməsinin, meşələrin sürətli qırılmasının və davam edən iqlim böhranının nəticəsidir və bunun əvəzini hamı ödəyir" deyə əlavə edib.
Banqalor şəhərinin ətrafı olan Bandepalyada yeraltı sulardan istifadə edən insanlar su tankerlərinin gətirdiyi su üçün növbə gözləməli olurlar. Bandepalya sakininin sözlərinə görə, onlar su çənlərindən su almaq üçün hər 15 gündən bir növbəyə durmalı olurlar.
Hökumətin qərarı ilə tankerlər üçün su təchizatı qiymətini bir tanker üçün 1200 rupi (14 ABŞ dolları) müəyyən edilib, lakin kasıb yerli sakinlər üçün bu da böyük məbləğdir. Bandepalya sakinləri bildirir ki, onlar ümumiyyətlə ayda 6-8 min rupi (70-95 dollar) qazanırlar.
The Economic Times-ın istinad etdiyi Hindistan Elm İnstitutunun araşdırması göstərir ki, Banqalorda su yayılan sahə 70% azalaraq 1973-cü ildəki 2324 hektardan 2023-cü ildə 696 hektara düşüb. Tikinti işlərinin artması ilə əlaqədar olaraq şəhər yaşıllıq sahəsinin böyük hissəsini itirib: şəhərdə hər yeddi nəfərə bir ağac düşür. Üstəlik 2031-ci ilə qədər əhalinin sayının 20 milyon nəfərə çatacağı gözlənilir.
Dünyanın ən böyük şəhərlərindən biri (22 milyon sakin) olan Meksikanın paytaxtı Mexiko da oxşar problemlə qarşılaşıb. Şəhərin su təchizatının təxminən 60%-i yeraltı su ehtiyatlarından gəlir. Lakin suyun həddindən artıq istifadəsi səbəbindən şəhər hər il təxminən 50 sm çökür.