Bu həftə Azərbaycanın Saatlı rayonundakı Orta Muğan və Nabatkənd sakinlərinin keçirdiyi aksiya diqqəti zaman-zaman narazılığa səbəb olan su qıtlığı probleminə cəlb edib.
Sakinlər su probleminə görə yolu kəsdi - SAXLANILANLAR VAR
Baş nazir sudan maksimum səmərəli istifadə etməyə çağırıb
Su qıtlığı necə münaqişələr yaradır?
FED.az bildirir ki, su böhranları artıq illərdir ki, Dünya İqtisadi Forumunun Qlobal Risklər siyahısında ilk beşliyə daxil edilir.
Bəzi ölkələrdə bu vəziyyət silahlı münaqişələrə səbəb olub. Bunun misalı kimi 2021-ci ildə Qırğızıstanla Tacikistan arasındakı sərhəd toqquşmalarını göstərmək olar.
Həmsərhəd kəndlər arasında suvarma mübahisəsi hər iki tərəfdən onlarla insanın ölümü ilə nəticələndi.
Eyni su problemi Özbəkistan və Tacikistan arasında da mövcuddur.
Afrika ən böyük su münaqişələri görən regionlardandır.
Efiopiyanın ərazisindən axan Nil çayının üzərində tikilən yeni bənd bu ölkənin Misir və Sudanla əlaqələrini kəskin şəkildə korlayıb. Hər iki ölkənin narazılığı “Nilin keşikçiləri” adlı birgə hərbi təlimlərlə nümayiş olunub.
Sudana gəldikdə isə su resursları uğrunda aparılan və yüz minlərlə insanın ölümünə səbəb olan qanlı münaqişə ölkənin parçalanması ilə nəticələnib.
Hindistanın Şimal düzənlikləri dünyanın ən məhsuldar əkinçilik sahələrindən biridir, lakin bölgə Çindən aldığı suya möhtacdır və onun qıtlığı müntəzəm sərhəddəki mübahisələrə səbəb olur. 3 il əvvəl Qalvan vadisində baş verən toqquşmada 20 hindistanlı həlak olmuşdu.
Burada sadalanan misalları davam etdirmək olar. Lakin suyun yaratdığı problemlərin qeyri-zorakı - səhiyyədən tutmuş, miqrasiyaya qədər başqa fəsadları da olur.
Su probleminin daha hansı fəsadları var?
2017-ci ildəki şiddətli quraqlıq nəticəsində yaranan münaqişə və ərzaq qıtlığına görə Yəməndən tutmuş Nigeriyaya kimi Afrika və Yaxın Şərq ölkələrində 20 milyon insan evlərini tərk etmək məcburiyyətində qaldı, BMT bildirir.
Dünya Resursları İnstitutunun məlumatına görə, dünya əhalisinin təxminən üçdə biri - təxminən 2,6 milyard insan "ciddi su qıtlığı" olan ölkələrdə yaşayır.
Su və kanalizasiyaya çıxışın olmaması dəhşətli nəticələrə səbəb olur və antisanitar şərait uşaqların ikinci ən çox yayılmış ölüm səbəbidir. Hər il 1,8 milyon uşaq ishaldan ölür ki, bu da New York və Londonda beş yaşınadək bütün körpələrin sayına bərabərdir, BMT İnkişaf Proqramının (UNDP) 2006-cı ildəki hesabatında deyilir.
2019-cu ildə Türkiyə Dəclə çayında İlisu bəndini doldurmağa başladı ki, su axının azalması ilə bağlı Suriya və İraqın etirazına səbəb oldu. Onlar Türkiyə sərhədindən 1000 kilometr məsafədə yerləşən yaşayış məntəqələrində suyun keyfiyyətinin pisləşdiyini bildirdilər.
Human Rights Watch təşkilatına görə, İraqın cənubundakı Bəsrə şəhərində yüzlərlə insan qarın ağrısı, qusma və hətta vəba infeksiyasına görə xəstəxanalara aparıldı. Buna görə, transsərhəd suları ilə bağlı vəziyyət qonşu ölkələrə təsirsiz ötüşmür.
Azərbaycan ekoloqları da dəfələrlə qonşu ölkələrdən gələn çayların zərərli maddələrlə çirklənməsinə etiraz ediblər.
Beynəlxalq təşkilat, qurum və mütəxəssislər xəbərdarlıq edirlər ki, su ehtiyatlarının qıtlığı münaqişələrə və milyonlarla insanın miqrasiyasına səbəb ola bilər.
“Qlobal iqtisadiyyat böyüdükcə onun susuzluğu da artacaq", - 2008-ci ildə BMT-nin baş katibi Ban Ki-moon deyib. - "Üfüqdə daha çox münaqişələr var”.
İçməli su əldə etmək hüququ nə deməkdir?
BMT Baş Məclisinin 2010-cu ildəki qətnaməsi su və sanitariyaya çıxışı insan hüquqlarının təminatında mühüm amil kimi tanıyır.
Sənədə əsasən, su keyfiyyət və qiymət baxımından məqbul olmalıdır.
Yəni, onun dəyəri ev təsərrüfatlarının gəlirinin üç faizindən çox olmamalıdır.
Həmçinin su fiziki cəhətdən də əlçatan olmalıdır.
Bu o deməkdir ki, su mənbəyi evdən 1000 metr məsafədə olmalıdır və onun gətirilməsi 30 dəqiqədən çox vaxt tutmamalıdır.
Su qıtlığı niyə yaranır?
Ümumdünya Resurslar İnstitutunun məlumatına görə, hazırda 36 ölkə artıq yüksək su stressi şəraitində yaşayır. Bu isə o deməkdir ki, yaşayış məntəqələri, sənaye və təsərrüfatlar tərəfindən tələb olunan su mövcud ehtiyatları tam istifadə edir.
Bundan başqa, dünya əhalisinin sürətli artımı məhdud resurslara təzyiqi daha da artırıb.
Eyni zamanda, problemə öz təsirini iqlim dəyişikliyi ilə bağlı amillər göstərir və bəzən çox yağış görən bölgələr daha da çox su alır, quru olanlar isə daha da səhralaşır.
Ötən həftə bu mövzu Bakıda da müzakirə olunub. “Hər il artan səhralaşma böyük narahatlıq doğurur”, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının iclasında çıxış edən İradə Hüseynova deyib.
Azərbaycan mediasına görə, alim su “qıtlığı ilə mübarizədə” qüvvələri birləşdirməyə çağırıb.
“İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və beynəlxalq iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytındakı məlumatda deyilir.
Problemin həlli nədir?
BMT-nin saytında su çatışmazlığının mümkün həlli yolları sadalanır. Onlar arasında bəndlər və su anbarları, yağış sularının yığılması, su kəmərləri, ərazidə aparılan duzsuzlaşdırma işləri qeyd olunur.
Bura həmçinin suyun təkrar istifadəsi və qorunması daxildir.
Baham adaları, Maldiv adaları və Malta kimi bir sıra ölkələr bütün su ehtiyaclarını duzsuzlaşdırma prosesi vasitəsilə qarşılayır. Səudiyyə Ərəbistanı bu yolla (34 milyon əhalisi) içməli suyun təxminən 50 faizini əldə edir, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) bildirir.
Dünya Bankının saytındakı Azərbaycan barədə məqalədə deyilir ki, hökumət suvarma kanallarından tutmuş bəndlərə, su təchizatı obyektlərinə qədər mühüm infrastruktura 3 milyard dollardan çox sərmayə qoyub.
Son iyirmi ildə 50-dən çox şəhərdə böyük investisiya proqramı vasitəsilə su təchizatına çıxış artıb, ötən il dərc olunan yazıda deyilir.
Lakin bu xidmətlərin keyfiyyəti qeyri-standart aktivlərin idarə edilməsi, zəif korporativ idarəetmə, qeyri-kafi əməliyyat kimi problemlərdən əziyyət çəkir, Dünya Bankının saytındakı məqalədə deyilir.
Bu arada Dünya Bankı və Asiya Bankının ötən ilki proqnozlarına görə qarşıdan gələn illər ərzində Azərbaycanda havanın orta temperaturu qlobal göstəricilərdən daha sürətlə yüksələcək.
Bu amil, o cümlədən kənd təsərrüfatı məhsuldarlığını azalda, səhralaşma və torpağın şoranlaşması problemlərini kəskinləşdirə, suvarma tələbini artıraraq ölkənin su təchizatına daha çox təzyiq göstərə bilər. (BBC News Azərbaycanca)