Son günlər yağan güclü yağışlar nəticəsində ölkənin müxtəlif ərazilərində su basma halları baş verməkdədir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verr ki. bununla əlaqədar olaraq 23 aprel 2026-cı il tarixində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın 67-ci iclası keçirilib.
Nazirlər Kabinetindən FED.az-a veriən məlumata görə, iclasda gündəlikdə olan digər məsələlərlə yanaşı, gursululuq dövrünə uyğun olaraq ölkənin əsas su anbarlarının iş rejimlərinin tənzimlənməsi barədə ətraflı müzakirələr aparılıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, cari ilin gursululuq dövründə su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Son vaxtlar Kür çayı üzrə su ehtiyatlarının artması ilə bağlı bildiririk ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər (aprel, may və iyun ayları) nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində Kür çayı üzərində yerləşən su anbarları sistemi Komissiya tərəfindən nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.
İclasda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən son günlər ərzində intensiv yağıntılar nəticəsində Kür çayı və onun qolları olan Türyançay, Göyçay, Girdimançay, Qarqarçay və digər çaylarda sululuğun artması, çayətrafı rayonlardakı mövcud vəziyyət, fəsadlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə geniş məlumat verilib.
Hazırda müşahidə olunan su səviyyəsi artımının hidrometeoroloji şəraitlə bağlı olduğu, lokal xarakter daşıdığı və bəzi ərazilərdə mühafizə bəndlərinə təzyiqin artması ilə müşayiət olunduğu bildirilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rayonlarda yerləşən yerli istismar idarələrinin digər aidiyyəti qurumlarla birlikdə gücləndirilmiş iş rejimində işlədiyi, vəziyyətin ciddi nəzarətdə saxlanıldığı, izafi su həcmlərinin maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün müvafiq tədbirlər görüldüyü qeyd edilib.
Sonda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev su ehtiyatlarından səmərəli istifadə, gursululuq dövründə su və su təsərrüfatı obyektlərində təhlükəsiz su axınının təmin olunması və ölkə üzrə əsas su anbarlarının iş rejimlərinə ciddi riayət olunması ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.













