Şahdağa qar yağıb, Əyriçaydan sel keçib.
FED.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 18-i saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Bakıda və Abşeron yarımadasında (Bakı, Sumqayıt, Maştağa) şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.
Şahdağda saat 11:30-dan arabir qar yağmağa başlayıb.
Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz) məntəqəsindən saat 14:00-da sel keçməyə başlayıb.