İyunun 14-ü axşam saatlarından başlayaraq yağan güclü yağış və qısamüddətli dolu nəticəsində yaranan sel suları Qusar rayonunda fəsadlar törədib.
FED.az xəbər verir ki, rayonun Urva kəndində sel suları kənd yolunu yararsız vəziyyətə salıb. Urva və Çiləgir kəndlərini birləşdirən 6 kilometrlik yolun bəzi hissələrində yarım metr dərinliyində çalalar yaranıb. Bəzi evlərin həyətlərinə su dolub, taxıl zəmilərinə və təsərrüfatlara ziyan dəyib. Sel suları Qusar-Şahdağ yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsinə də çıxıb.
Rayonun Xuray və Yuxarı Ləgər kəndləri də seldən ziyan görüb. Ərazidən keçən Cağar-Cibir suvarma kanalı daşıb, sel suları bir evin hasarını aşırıb. Sel nəticəsində Xuray kəndindən rayon mərkəzinə gedən yolda çətinliklər yaranıb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyasının təşkilatçılığı ilə fəsadların aradan qaldırılması istiqamətində iş aparılır. Müvafiq qurumların texnikaları və canlı qüvvələri, həmçinin yerli bələdiyyələrin imkanları səfərbər olunub.(Azərtac)