Azərbaycanda bir neçə gün əvvəl başlayan kəskin hava şəraiti davam etməkdədir.
FED.az xəbər verir ki, güclü yağışlar və dolu müxtəlif bölgələrdə infrastruktura, evlərə və təsərrüfatlara caddi zərər vurur.
Milli Hidrometeorologiya Xidmətinin iyunun 21-i saat 23:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi sarı və narıncı xəbərdarlığa uyğun olaraq ölkənin bəzi qərb rayonlarında gün ərzində arabir güclənən qərb küləyi əsib.
Bildirlib ki, sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Tərtər, Goranboyda küləyin sürəti 15-19 m/s-dir.
Narıncı xəbərdarlığa uyğun olaraq isə Göyçay, Ağcabədi, Naftalanda küləyin sürəti 25 m/s təşkil edir.
Oğuz rayonuna yağan dolu təsərrüfatlara ziyan vurub
Dolu və güclü külək iyunun 21-də axşam saatlarında rayonun mərkəzindən 35 km uzaqlıqda dağ ətəyində yerləşən Xaçmaz kəndində müşahidə olunub. On dəqiqədən artıq davam edən yağıntı nəticəsində meyvə ağaclarına və fərdi təsərrüfatlara ziyan dəyib.
Kəndin müəyyən ərazilərinə 10-15 dəqiqə ərazində leysan yağışı ilə birlikdə dolu yağıb. Kənd sakinlərinin APA-ya verdiyı məlumata görə, may ayının sonlarından bəri kəndin ərazisinə artıq 6-cı dəfədir ki, dolu yağıb. Son ay ərazində yağan dolu və leysan yağışları səbəbindən kənd əhəlisinin şəxsi təsərrüfatlarında bostan-tərəvəzə və meyvə ağaclarına ciddi ziyan dəyib. Demək olar ki, şəxsi təssərrüfatlarda bostan-tərəvəz və ağaclarda meyvə yox səviyyəsindədir.
Quba rayonunda sel təsərrüfatlara ziyan vurub
Güclü leysan yağışları nəticəsində Qubanın Cağacıq çayına güclü sel gəlib. Cağacıq çayı Quba rayonunun Rustov kəndi ərazisində məcrasından çıxıb. Nəticədə çayın üzərindəki körpülərdən birinə, Rustov kəndindəki fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan dəyib. Qeyd edək ki, Quba rayonunun yüksək dağlıq ərazilərində də leysan yağışı yağıb.
Əhaliyə xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Asif Verdiyev bildirib ki, Yevlax, Qobustan, Qrız, Şahdağ, Şamaxı, Altıağac, Quba, Qusar, Şabran, Xaltan, Gədəbəy, Xınalıqda arabir leysan xarakterli intensiv yağış yağır, şimşək çaxır.
Qeyd olunub ki, Quba rayonu ərazisindən axan Vəlvələçay, Caqacuqçay, Ağçay və Cimiçaydan sel keçib. Hazırda Şabran rayonu ərazisindən axan Gilgilçaydan sel keçir.
A.Verdiyev qeyri-sabit hava şəraiti və sellə bağlı vətəndaşlara müraciət edib: “Çayların sahilindən uzaqda, təhlükəsiz yerlərdə durmağı, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməməyi tövsiyə edirik. Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.