Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi reydlər zamanı kvota şərtlərinin pozulduğu, eləcə də balıqovlama bileti olmadan balıq ovlandığı faktları aşkar edilərək sənədləşdirilib.
Belə ki, balıqovlama biletlərinin tələblərinin pozulması və həmin sənədlər olmadan balıq ovu ilə bağlı Xəzər dənizi akvatoriyasında və daxili su hövzələrində 70 fakt aşkarlanıb. Faktlarla bağlı təqsirkar şəxslər barəsində akt və protokollar tərtib edilib, ümumilikdə, qanunsuz ovlanmış 7813 müxtəlif növ balıq götürülüb, 28 qanun pozucusuna inzibati qaydada 21 min 200 manat məbləğində cərimə tətbiq edilib. Ümumilikdə təbiətə vurulan 5103 manat ziyan hesablanıb və cinayət tərkibi yaranan 42 iş üzrə araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib.
FED.az xəbər verir ki, bu barədə nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev mayın 14-də keçirilən mətbuat konfransında məlumat verib.
Sektor müdiri, həmçinin deyib: “Bununla yanaşı, ötən dövr ərzində regionlarda balıq ovlanması qaydaları və bu qaydaların pozulmasına görə nəzərdə tutulan inzibati və cinayət məsuliyyətləri, eləcə də təbiətə dəymiş ziyan barədə “xəbərdarlıq” hazırlanaraq kütləvi informasiya vasitələrində yayımlanıb. Həmçinin “Xəbərdarlıq” vərəqəsi regionlarda yaşayış məntəqələrində və vətəgələrdə görünən yerlərdə yerləşdirilib, balıq ovu ilə məşğul olan fiziki, hüquqi şəxslər və briqada üzvləri arasında geniş izahat işləri aparılıb.
Hazırda balıqların kürütökmə dövrü ilə əlaqədar balıq ovlanması qadağandır. Bütün fiziki və hüquqi şəxsləri xəbərdar edirik ki, bu dövrdə balıq ovuna çıxan şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi tədbirlər görüləcək”.