Aprelin 5-i saat 20:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlədə yağıntılar intensiv və güclüdür, dağlıq ərazilərdə qar yağır.
FED.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Şahbuz, İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Xızı, Quba, Xaçmaz, Xaltan, Şabran, İmişli, Sabirabad, Salyan, Neftçala, Biləsuvar, Yardımlıda arabir yağış, Qusar, Şahdağ, Xınalıq, Daşkəsəndə isə qar yağır.
Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Xızıda 21, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Quba (Qrız) və Naftalanda 20, Goranboyda 19, Daşkəsən və Şabranda 18, Şəmkir, Tovuz və Gəncədə 16 m/s-dək güclənir.
Fövqəladə Hallar Nazirliyi (FHN) isə dağ çaylarında sel hadisəsi ilə bağlı əhaliyə təkrar müraciət edib.
FHN-dən verilən məlumata görə, hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.
Bununla bağlı FHN əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.













