Bakıda tikinti işləri aparkən ağacları məhv edən şirkətlərə xəbərdarlıq edilib.
Eləcə də bax: Bakıda ağacları kəsən tikinti şirkətinə - Cinayət İşi Açılıb
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev açıqlama verib.
O, bildirib ki, bu, cinayətdir və nazirlik belə hallarla daim mübarizə aparır: "Bəzi hallarda tikinti şirkətləri guya küçəni səliqəyə salmaq adı ilə ağaclara zərər vururlar. Bu, cinayətdir. Həmin adamların boynuna məftil dolasalar, yaşaya bilərmi?! Ağaclar da həmçinin. Adam var ki, ömründə bir ağac belə əkməyib, amma yaşıllığı məhv edir. Mən həmin şəxsləri təbiətə dost münasibəti göstərməyə dəvət edirəm. Yaşıllıq hər birimizə xidmət edir, oksigen mənbəyidir. Ən azından, öz sağlamlıqları üçün onlara qulluq etməlidirlər".
Nazir müavini dəymiş zərərin hesablanması zamanı hansı amillərin nəzərə alındığından da danışıb: "Dəymiş zərər ağacın diametrinə, yaşına, növünə və s. amillərə görə hesablanır. Hansı işbazlar yaşıllığı məhv edirləsə, nazirlik onlarla barışmaz mövqedə olacaq və ən ağır şəkildə cəzəlandırılacaqlar. Aşkar olunan fakt cinayət tərkibi yaratdıqda, mütləq şəkildə prokurorluq orqanlarına təqdim olunur".