"Havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının istismarçılarına dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, aparılan monitorinqlərin nəticələri göstərir ki, bir sıra iaşə obyektlərində analoji hallara hələ də rast gəlinir".
Eləcə də bax: Toylarla bağlı qadağalar ləğv olundu - YENİ QƏRAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova FED.az-a bildirib ki, ictimai-iaşə obyektlərindən, restoran və şadlıq saraylarından havaya normadan artıq tullantı atanlar barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədilə iyulun 1-dən etibarən nazirliyin mütəxəssisləri tərəfindən növbəti monitorinqlər keçiriləcək, nəticəsi neqativ olan subyektlərə qarşı qanunamüvafiq tədbirlər görüləcək.
O qeyd edib ki, bu səbəbdən istismarçıların diqqətinə obyektlərindəki təmizləyici qurğulara texniki xidmət göstərilməsi işlərini vaxtında tamamlasınlar, havaya normadan artıq tullantı atılmasına yol verməmələri çatdırılıb: "Mövcud pozuntuları aradan qaldırmaları və təmizləyici qurğulara texniki xidmət göstərmələri üçün istismarçılara iyulun 1-dək vaxt verilir. Qanunvericiliyə uyğun olaraq, havaya normadan artıq atılmaların müəyyən ediləcəyi təqdirdə iaşə obyektlərinin istismarçıları İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən cərimə ediləcək”.