Azərbaycanda martın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, axşam şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 3-6°, gündüz 6-11° isti olacağı ehtimal edilir.
Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır.
Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8°, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.